Qəhrəman Əliyev yalan danışmaqda ittiham olundu
24.11.2008 - 13:59
Qəhrəman Əliyev yalan danışmaqda ittiham olundu
MOİK klubunun baş məşqçisi Qəhrəman Əliyev Premyer Liqanın son turunda “Olimpik”lə “Şəfa” stadionunda keçirilən görüşdə hakimlərdən ciddi narazı qalıb. Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssis 1:3 hesabı ilə uduzduqları oyunda rəqibin son iki qolunu hakimin kobud səhvi nəticəsində vurduğunu iddia edir. Əliyevin fikrincə, ikinci qolda top qapı xəttini keçməyib, üçüncü qolda isə penalti yox imiş.
Oyunun hakim-inspektoru Orucəli Durmuşov isə matçdan sonra videoyazıya baxaraq, topun qapı xəttini keçdiyini təsdiqlədiyini bəyan edib. Durmuşov apasport.az saytına açıqlamasında penaltinin səhv təyin edilməsi ilə razılaşsa da, Qəhrəman Əliyevin ikinci qolla bağlı iddiasını qəbul etmir. Veteran hakim baş məşqçini yalan danışmaqda suçlayıb: “Qəhrəman Əliyev sözün düzünü deməlidir. Tribunadan mənə elə gəldi ki, top xətti keçməyib. Belə mübahisəli epizodda bir hakim-inspektor kimi, ən yaxın köməkçim qapıçını hesab edirəm. Ancaq təəssüf ki, MOİK-in qapıçısı Amil Ağacanovdan dəqiq cavab ala bilmədim. Oyundan sonra hakimlər otağında həmin epizodu izləyərkən, topun xətti keçdiyinin şahidi oldum. MOİK-in rəsmisi də orada idi. Bu epizod mərhum hakimimiz Tofiq Bəhramov 1966-cı il dünya çempionatında finalında İngiltərə - Almaniya oyununda hesaba aldığı qola oxşayırdı. Onda da top tirə dəyərək, yerə düşmüşdü. Hakim-köməkçisi Vaqif Ayvazov belə çətin vəziyyəti düzgün qiymətləndirdiyinə görə, ona yuxarı bal – 8,3 yazdım”.

0