Milli komandamız bolqarları utandırıb
24.11.2008 - 15:26
Milli komandamız bolqarları utandırıb
Noyabrın 19-da keçirilən yoldaşlıq oyununda Serbiyaya 1:6 hesabı ilə uduzan Bolqarıstan yığmasının son 10 ildəki ən biabırçı nəticələrinin reytinq cədvəli tərtib olunub. Apasport.az saytının məlumatına görə, bolqarlar dörd il əvvəl Bakıda millimizə qarşı keçirilən matça da xüsusi önəm verib. Həmkarlarımız Xristo Stoiçkovun rəhbərlik etdiyi Bolqarıstan millisinin Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz heç-heçə etməsini ilk “onluğ”a daxil etməsə də, görüşün həmin matçlardan geri qalmadığını iddia edir: “Yığmamızın hesabında daha bir xəcalət çəkici nəticəsi var. Komandamız 2004-cü il noyabrın 17-də Azərbaycanla qolsuz heç-heçə edib. Bu yığmamıza yaraşmayan nəticə idi. Millimiz əsas heyətlə çıxış etməsə belə, Azərbaycanın aparıcı oyunçularından ibarət yığma komandasını məğlub etməli idi. Nə olsun ki, bu səfər görüşü, bir yoldaşlıq oyunu idi”.
Qeyd edək ki, ən pis 10 nəticədən 8-i böyük hesablı məğlubiyyət, ikisi isə evdə, seçmə mərhələnin Albaniya və Malta ilə görüşlərində qeydə alınan heç-heçələrdir.
0