“İnter”in futbolçusu yığmanın baş məşqçisinə qarşı çıxır
24.11.2008 - 15:31
“İnter”in futbolçusu yığmanın baş məşqçisinə qarşı çıxır
Bakının “İnter” klubunun yarımmüdafiəçisi İon Testimitsianu Azərbaycan Premyer Liqasının tarixinə düşüb. Moldovalı legioner mövsümdə meydana çıxmadığı halda, sarı vərəqə ilə cəzalandırılıb. Yevlaxda “Karvan”la matçda ehtiyat oyunçular skamyasında cəzalanan 34 yaşlı Testimitsianu apasport.az saytına açıqlamasında emosiyalarını cilovlaya bilmədiyini bildirib: “Epizodların birində top rəqibdən çıxdığı halda, yan xətt hakimi qapımıza tərəf aut göstərdi. Hesabda 2:1 irəlidə idik, oyunda gərginlik artır və bizi sıxmağa başlayırdılar. Hakim çexiyalı Bronislav Çervenkanın ardından mənə də sarı vərəqə göstərdi. Onun səhv qərarına dözməyib, yan xəttə yaxınlaşdım. Ehtiyat hakim məni oturtmağa göstəriş verdi. Mən də ona cavabımda “axı belə haqsızlığa necə dözüb, otura bilərəm” dedim. Nəticədə meydana çıxmadığım halda, sarı vərəqə aldım”.

Testimitsianu və Çervenka ilə yanaşı, Samir Abbasovun da “Karvan”la görüşdə aldığı sarı vərəqə cari mövsümdə 4-cü olduğundan, onlar ilk dövrənin son turunda “Bakılı” ilə görüşü buraxacaqlar. İkinci dövrənin ilk turunda “Olimpik”lə oyuna cəzası başa çatacaq İon bilərəkdən sarı vərəqə almasını qəbul etmir: “Mənim üçün “Bakılı”, yaxud “Olimpik”lə matçın fərqi yoxdur. Bütün rəqiblərlə oyuna ciddi yanaşıram. Müqaviləyə əsasən, qələbəyə görə mükafat alıram. Təbii ki, cəza üzündən oynamasam, bunu almayacağam. Nəyə görə ailəmi pulsuz qoymalıyam ki?”

Cari mövsümdən ölkəmizdə çıxış edən moldovalı futbolçu “İnter”in əsas heyət üzvü sayılsa da, yığmasına dəvət almır. Uzun müddət Moldova millisində oynamış Testimitsianu baş məşqçi İqor Dobrovolskidən narazıdır: “Nə qədər ki, bu mütəxəssis yığmanı çalışdırır, dəvət olunmayacağam. Problem məndə yox, Dobrovolskidədir. O, kənarda qalan yaxşı futbolçuları çağırmır”.

Qeyd edək ki, İon “İnter”in heyətində kuboku da nəzərə alsaq, 13 oyunda (991 dəqiqə) 1 qol vurub.
0