Rasim Karanın istefası qəbul olundu
24.11.2008 - 17:28
Rasim Karanın istefası qəbul olundu
Rasim Kara “Xəzər-Lənkəran”ın baş məşqçisi vəzifəsindən rəsmən uzaqlaşdırılıb. Apasport.az saytının məlumatına görə, türkiyəli çalışdırıcı noyabrın 23-də Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ”a 1:3 hesablı məğlubiyyətdən sonra istefa vermişdi. Lakin “Xəzər-Lənkəran” rəsmiləri onun istefasını qəbul etməmiş, bu qərarı oyunun uğursuz nəticəsindən doğan emosionallıqla əlaqələndirmişdilər.

Lənkəran klubunun rəhbərliyi ilə bu gün görüşən Kara istefa qərarında israrlı olduğunu və baş məşqçi vəzifəsini daşımaq iqtidarında olmadığını bildirib. Bu təkiddən sonra “Xəzər-Lənkəran”ın prezidenti Mais Mənsimov onun fikrinə hörmətlə yanaşaraq, istefa ərizəsini qəbul edib.

Görüş zamanı Mənsimov bildirib ki, Karanın “Xəzər Lənkəran”ın formalaşması və peşəkarlaşmasında, klubun populyarlıq qazanmasında böyük xidmətləri var. Prezident “Xəzər-Lənkəran”ın milli çempionatdakı debüt ilində gümüş medallara yiyələnməsində türkiyəli məşqçinin əvəzsiz rolunu vurğulayıb. Həmçinin, Mənsimov Kara ilə əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını söyləyib. Beləliklə, əcnəbi çalışdırıcı “Xəzər-Lənkəran” futbol akademiyasının rəhbəri təyin edilib.

Noyabrın 30-da “Simurq”la səfər matçına komandanı qapıçılarla işləyən məşqçi Hafiz Əliyev çıxaracaq.
0