Kara “nəhs”dən çıxmadı
24.11.2008 - 19:02
Kara “nəhs”dən çıxmadı
Rasim Kara Azərbaycan Premyer Liqasının startından sonra istefa verən dördüncü baş məşqçi oldu. Apasport.az saytının məlumatına görə, Anatoli Demyanenko (“Neftçi”), Mustafa Yılmaz (“Turan”) və Nadir Qasımovun (“Bakılı”) ardından istefa verən türkiyəli 3 il əvvəl olduğu kimi, yenə birinci dövrə bitməmiş “Xəzər-Lənkəran”ı tərk etdi.
2004-2005-ci illərdə də çalışdırdığı Lənkəran təmsilçisinə ikinci gəlişində Kara komandaya cəmi 14 oyun başçılıq edə bildi. Bu qarşılaşmalarda 10 qələbə qazanan türkiyəlinin yetirmələri 1 heç-heçə edib və 3 dəfə uduzub. Mütəxəssisin rəhbərliyi altında 28 top vuran “Xəzər-Lənkəran” 6 dəfə qapısında qol görüb. Bu qələbələrin ikisi, vurulan qolların 6-sı ölkə kubokuna, digər nəticələr isə Premyer Liqaya təsadüf edib. Ümumilikdə, Kara iki dəfəyə “Xəzər-Lənkəran”ı 54 matça çıxarıb: 33 qələbə, 8 heç-heçə, 13 məğlubiyyət (top fərqi – 91:37).
Qeyd edək ki, Premyer Liqanın startı ərəfəsində də iki istefa qeydə alınmışdı. Ağasəlim Mircavadov (“Xəzər-Lənkəran”) və Rasim Kara (“Qarabağ”) çalışdırdıqları komandalardan ayrılmışdı.
0