Rasim Kara: İstanbulda Mübariz Mənsimovla görüşəcəyəm
24.11.2008 - 19:10
Rasim Kara: İstanbulda Mübariz Mənsimovla görüşəcəyəm
“Bu gün “Xəzər-Lənkəran” rəhbərliyi ilə görüşdüm və hər iki tərəf üçün uyğun addım atdıq. Mən bu klubun rəhbərliyini sevirəm, onlar da məni sevir. İstənilən vaxt, Lənkəran klubuna kömək etməyə hazıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran”ın baş məşqçisi vəzifəsindən istefaya göndərilən Rasim Kara deyib.

58 yaşlı türkiyəli gələcək planlarına hələlik aydınlıq gəlmədiyini bildirib. O vurğulayıb ki, Azərbaycanda və ya Türkiyədə çalışmaq arasında prinsipial fərq yoxdur: “Mən peşəkar məşqçiyəm. Harada şərtlər mənə uyğundursa, orada da işləyirəm”.

Həmçinin, Kara İstanbulda “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla görüşəcəyini söyləyib: “Lənkəran klubunun futbol akademiyasına rəhbərlik edəcəyim barədə yayılan xəbərlə doğru deyil. Yaxın günlərdə İstanbulda Mübariz Mənsimovla görüşəcəyəm. Bütün məsələləri həmin görüşdə müzakirə edəcəyik”.

Türkiyəli çalışdırıcı “Qarabağ” klubundan ayrıldığınıza görə peşman deyilsiniz ki” sualına cavab vermək boyun qaçırıb: “Buna şərh vermək istəmirəm”.
0