Kamal Quliyev: 40 yaşa qədər də oynamaq olar
24.11.2008 - 20:09
Kamal Quliyev: 40 yaşa qədər də oynamaq olar
“Karvan” klubunun futbolçusu Kamal Quliyevin müsahibəsi

- Son turda “İnter”lə qarşılaşdınız. Bu oyun barədə nə deyə bilərsiniz?
- Çox çətin və məsuliyyətli qarşılaşma idi. Bu turdan əvvəl hər iki komanda eyni sayda xal toplamışdı. Qələbə qazanan komanda daha da irəliləyəcəkdi. Mən bu qarşılaşmada cəzalı olduğum üçün oynamırdım. Düzünü deyim ki, “İnter”lə oyuna marağım böyük idi. Çünki onlardan yaxşı futbol gözləyirdim. Ancaq “İnter”in oyunu xoşuma gəlmədi. Zəif oynadılar. Elə bizim oyunumuz da alınmadı. Hərçənd bu cür futbol nümayiş etdirən “İnter”ə qalib gəlmək olardı, ancaq alınmadı. Orta xəttimizdə problemlər var idi. İki dəfə bağışlanılmaz səhvlər buraxdıq ki, bu da buraxılan qollar və məğlub olmağımızla nəticələndi.
- Uğursuzluğa səbəb nə idi?
- “İnter”in bizdən güclü olduğunu deyə bilmərəm. Ancaq bizim problemlərimiz var idi. Misal üçün, mən cəzalı idim. Süleyman Kamara və Əziz Quliyev zədə üzündən oyunu buraxmalı olmuşdu. Namiq Əliyev, Rəşad Kərimov, Tural Nərimanov və İlham Yadullayev isə meydana zədəli-zədəli çıxmışdı. Demək olar ki, heyətin yarısının problemləri var idi. Bütün bunlar bizim oyunumuza təsirsiz ötüşə bilməzdi. Elə oyun zamanı da müəyyən səhvlər etdik. Lakin “İnter”in bizdən güclü olduğunu söyləməzdim. Bunu həmin görüşə baxanlar da təsdiq edə bilərlər.
- İtirilmiş üç xal “Qarabağ” və “Olimpik”in sizə yaxınlaşmasına, digər iddialıların isə xal fərqini artırmasına səbəb oldu...
- Dediyiniz bu amil bizi çox narahat edir. Çünki xal fərqi nə qədər bizim xeyrimizə olsa, bir o qədər yaxşı olardı. Hərçənd qələbə qazana bilsəydik, ilk pillədə indi biz idik. Lakin təəssüflənməkdənsə, gələcəyə baxmaq lazımdır. Hələ çempionat indi-indi qızışır. Gələcəkdə bu xal itkilərinin əvəzini çıxmağa vaxtımız olacaq.
- Geridə qalan 12 turu necə dəyərləndirirsiniz?
- Bilirsiniz ki, ötən il o qədər də yaxşı çıxış etmədik. Nəticədə yay fasiləsində heyətimiz təmiz dəyişdi. İndi layiqli oyun göstərib, müsbət nəticələr qazanırıq. Bunun da əsas səbəbkarı baş məşqçi Yunis Hüseynovdur. Məhz onun əməyi sayəsində yaxşı çıxış edirik. Məncə, uğurlu çıxışımıza əsas səbəb kollektivdə yaxşı oyunçuların çox olmasıdır.
- Ancaq komandanızın heyətinin o qədər də güclü olduğunu söyləmək olmaz.
- “Karvan”da oyunçuların əksəriyyəti yerli futbolçulardır. Legionerlərin sayı isə cəmi üç nəfərdir. Digər klublar 300-400 min dollar verib legioner gətirirlər. Amma bizim bir çox yerli uşaqlar əcnəbilərdən heç də zəif deyillər. Bizim uğurlu çıxışımızda da əsas pay sahibi öz uşaqlarımızdır. Bizim imkanımız yoxdur ki, bahalı futbolçu alaq. Ancaq çıxışımız göz önündədir.
- Son vaxtlar “Karvan” ətrafında bir çox söhbətlər yayılıb. Deyirlər ki, komanda yoldaşlarınla aranızda münaqişə var.
- Kim deyir onu? Bu sözləri deyənlər “Karvan”ın uğurunu gözləri götürməyən insanlardır. Mən onlar üçün təkcə kapitan deyil, həm də qardaşam. Bir də kimlə münaqişəm olacaq ki? Əksəriyyəti Sumqayıt uşaqlarıdır, qalanları da gözlərimin qabağında yetişən futbolçular. İnanmırsınızsa, bir-bir futbolçulara zəng edib soruşa bilərsiniz. Sadəcə, kimlərsə belə söz çıxarıblar ki, komandadaxili ab-havanı pozsunlar.
- Bəs mükafat məsələsinə nə deyirsiniz?
- Bilirsiniz, hər komandada belə problemlər ola bilər. Mükafatları alırıq, ancaq hərdən gecikmələr olur. Etiraf edim ki, pulların gecikməsi futbolçunun əhval-ruhiyyəsinə pis təsir edir. Ancaq biz hər oyuna çıxanda belə şeyləri unudur və qələbə qazanmağa çalışırıq.
- Onda konkret deyin görək, “Standard”la qarşılaşmada qazanılan qələbəyə görə mükafat almısınızmı?
- Hələ almamışıq.
- Yenidən Premyer Liqaya qayıdaq. Cari mövsümdə Yevlaxda o qədər də yaxşı çıxış etmirsiniz. Bu nə ilə əlaqədardır?
- Bilirsiniz, doğma meydançada oynayanda bəzən arxayınlıq olur. Azarkeşlərin dəstəyi adamı ruhlandırır və daha çox hücum edirsən. Rəqib də müdafiə olunaraq sənin səhv buraxmağını gözləyir. Buraxılan bir səhv xal itirməyinlə nəticələnir. Misal üçün, “Turan”la qarşılaşmada iki vacib xal itirdik. Bu xallar indi bizdə olsaydı, vəziyyətimiz daha yaxşı idi. Səfərdə oynayanda daha məsuliyyəli olursan. Nə isə, bundan sonra çalışacağıq ki, daha öz meydanımızda xal itirməyək.
- Növbəti turda sizi “Qarabağ”la oyun gözləyir. Yəqin ki, onların “Xəzər-Lənkəran”ı 3:1 hesabı ilə məğlub etdiyi oyuna baxmısınız...
- Bəli. Nəinki baxmışam, onları təbrik də etmişəm.
- Onda “Qarabağ”ın real gücü barədə təsəvvürünüz var. Necə düşünürsünüz, bu turda onları məğlub edə biləcəksinizmi?
- Bizim məqsədimiz də elə budur. Düzdür, çox çətin oyun olacaq. Onların kifayət qədər güclü oyunçuları var. Üstəlik, son vaxtlar formadadırlar. “Qarabağ” qələbə qazansa, bizimlə xal fərqini birə endirəcək. Amma yaddan çıxarmayın ki, biz səfərdə daha yaxşı çıxış edirik. İnanıram ki, bu turda qələbə qazanacağıq. Qış fasiləsinə liderlər sırasında yollanmaq üçün bu üç xala ciddi ehtiyacımız var.
- Ümumiyyətlə, cari mövsümdə məqsədiniz nədir?
- Rəhbərlik bizim qarşımıza hər hansı məqsəd qoymamışdı. Lakin Türkiyə toplanışı zamanı gördük ki, daha yüksək nəticələr qazana bilərik. Biz də cari mövsümdə bunu hər kəsə sübut edə bildik. İndi çalışacağıq ki, azı UEFA kubokuna vəsiqə qazanaq.
- Heyətiniz isə buna imkan vermir.
- Razıyam. Azı 6-7 səviyyəli futbolçu almaq lazımdır. Heyətdə nə qədər çox oyunçu olsa, bir o qədər yaxşı çıxış edə bilərik.
- Sonda daha bir sual. Deyirlər ki, mövsümün sonunda karyeranızı bitirəcəksiniz. Doğrudur?
- Hələ özümdə oynamağa güc hiss edirəm. O da var ki, heç kim ömrünün sonuna qədər oynaya bilməz. Ancaq istəmirəm azarkeşlər desinlər ki, buna bax, oynaya bilmir, amma utanmır, meydana çıxır. Bu sözləri eşitmək istəmirəm. Özümə görə hörmətim var. Bir çox klublarda və milli komandada oynamışam. Legioner karyerası yaşamışam. Mübarizliyimlə özümə hörmət qazanmışam. Ancaq indi özümdə oynamağa güc hiss edirəm. Bir də ki, Azərbaycan çempionatında 40 yaşa qədər də oynamaq olar.

mənbə: Futbol dünyası
0