Mahmud Qurbanov: Mənimlə maraqlanan yoxdur
25.11.2008 - 12:01
Mahmud Qurbanov: Mənimlə maraqlanan yoxdur
Bakının “İnter” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov komandası ilə müqaviləsinə sonadək əməl etmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, 35 yaşlı futbolçunun komandadan ayrılacağı dəqiqləşsə də, yeni klub axtarışına tələsmir. Ölkənin bir çox klublarının Mahmudu heyətində görmək istədiyi deyilsə də, onların heç biri yarımmüdafiəçi ilə təmasa girməyib: “Adım bir çox klublarla yanaşı hallansa da, ortada bir şey yoxdur. Hələ ki, mətbuatda adı çəkilən komandaların heç biri ilə danışığım olmayıb. Etiraf edim ki, onların da heç biri mənə olan maraqlarını açıqlamayıb”.

Qaydalara əsasən, hər bir peşəkar futbolçu müqaviləsinin bitməsinə altı ay qalmış yeni komandası ilə danışıqlara başlamaq hüququ var. Lakin Qurbanov müqaviləsinin son gününədək yeni komanda ilə bağlı seçim etmək haqda fikirləşmək istəmir: “Əvvəlcədən hər hansı klubla danışmağa ehtiyac görmürəm. Müqaviləm bu ilin dekabrında bitir. Hələ xeyli vaxtım var, tələsmirəm. “İnter”lə anlaşmam bitəndən sonra gələcək karyeramı harada davam etdirməklə bağlı qərar verəcəyəm”.

Qeyd edək ki, artıq bir aydır “İnter”in heyətində rəsmi matçlara çıxmayan Qurbanov cari mövsüm Premyer Liqada cəmi 4 matça çıxıb.
0