Cem Fələk Azərbaycan yığmasında oynaya bilməz!
25.11.2008 - 12:06
Cem Fələk Azərbaycan yığmasında oynaya bilməz!
“Cem Fələkin hazırda Azərbaycan yığmasında çıxış etməsi ilə bağlı problem yaranıb. Oğlumun milli komandanızın şərəfini qoruması üçün 18 yaşına çatmasını gözləmək lazımdır”. Bunu apasport.az saytına açıqlamasında Almaniyanın “Ayntraxt” klubunda çıxış edən yeniyetmə futbolçu Cem Fələkin atası Vural Fələk deyib.

Azərbaycan yığmasına namizəd olan 13 yaşlı futbolçu atası ilə birgə iki gündür ölkəmizdə səfərdədir. Bu gün oğlu ilə birgə AFFA-nın mənzil-qərargahına baş çəkən Vural assosiasiyanın baş katibi Elxan Məmmədovla və İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu ilə görüşdüyünü bildirib: “Görüşümüz səmərəli keçdi. Burada bizi çox yaxşı qəbul etdilər. Cemlə sanki peşəkar futbolçu kimi rəftar olunması bizi məmnun etdi. Baş katib bizi FİFA-nın qaydaları ilə anlatdı. Yəni, Cem indi yığmasında çıxış etsə, o, Almaniyada çıxış edə bilməyəcək. Oğlum Türkiyə yığmasını seçsəydi belə, eyni problemlə üzləşəcəkdi. Problemin aradan qalxması üçün FİFA-nın qaydalarına görə, Cemin 18 yaşının tamam olmasını gözləmək lazımdır. Həmin vaxt o, Azərbaycan yığmasının üzvü kimi Avropada da çıxış edə biləcək”.

Futbolçunun atası üzləşdikləri problemlərə baxmayaraq, seçimi dəyişməyəcəklərini söyləyib. Vural Fələk oğlunun Azərbaycan milli komandasında çıxış etməklə bağlı qərarlarının qəti olduğunu bəyan edib: “Biz Cemin 18 yaşına çatıb, Azərbaycan vətəndaşlığını almasını gözləyəcəyik. Ancaq indi onun misal üçün, 15 yaşlılardan ibarət yığmanızda oynaması klub karyerasına problem yaradacaq. Elə Elxan Məmmədov da bizimlə görüşdə Cemin futbolçu həyatının erkən bitməsini istəmədiklərini vurğuladı. Bu diqqət bizi məmnun etdi. Oğlumun Azərbaycan yığmasının şərəfini qoruması çox istədiklərinin şahidi oldum. Bunu görmək qürurvericidir”.

Ölkəmizdə olduğu müddətdə aşağı yaş qruplarımızdan ibarət yığmalarımıza cavabdeh olan şəxs, alman mütəxəssis Bernard Lippertlə də görüşmək fikrində olan Vural Fələk bunun Almaniyada baş tutacağını deyib: “Lippert önəmli görüşdə olduğundan, onunla söhbətimiz sonraya qaldı. Bu gün Frankfurta qayıdırıq və alman məşqçi orada görüşəcəyik. Cemin çıxış etdiyi “Ayntraxt”ın aşağı yaş qruplarından ibarət komandanın məşqçiləri ilə Azərbaycan yığmasında çıxış etmək perspektivi ilə bağlı fikir mübadiləsi aparacağıq”.
0