Zeynal Zeynalov: 3-4 klubdan təklif almışam
25.11.2008 - 12:57
Zeynal Zeynalov: 3-4 klubdan təklif almışam
“Hələ də “Muğan” rəhbərliyi ilə görüşüb məsələyə aydınlıq gətirməmişəm. Bunun üçün vaxtım olmayıb. Klub rəsmiləri ilə birinci dövrə başa çatdıqdan sonra görüşəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu, hazırda klubsuz olan Zeynal Zeynalov deyib.

Noyabrın 11-də Salyanın “Muğan” klubundan uzaqlaşdırılan 28 yaşlı yarımmüdafiəçi o vaxtdan bəri komandanın düşərgəsinə getməyib: “Bu xəbəri eşidəndən sonra “Muğan” rəsmilərindən birinə zəng vurdum. Telefonda ətraflı danışmadıq, sadəcə, dedim ki, gələrəm hər şeyi üzbəüz müzakirə edərik”.

Zeynal gələcək karyerası ilə bağlı qəti qərar verməyib. Hazırda formasının itirməmək üçün fərdi məşqlər edən futbolçu “təkliflər yağışı“na düşüb: “Premyer Liqada mübarizə aparan 3-4 klub mənimlə maraqlanır. Komandaların adını açıqlamayacağam. Qərarımı isə yaxın günlərdə verəcəyəm”.

Qeyd edək ki, “Muğan” rəhbərliyi Zeynalovu noyabrın 9-da “Bakılı”ya məğlubiyyətin (2:3) əsas səbəbkarı sayır. Bundan başqa, gənc yarımmüdafiəçi maaşdan narazılıqda, yığmadakı imicindən sui-istifadə etməkdə günahlandırılır. “Muğan”dan kənarda qalmasına baxmayaraq, Zeynal milli komandada çıxışını davam etdirir. O, yığmanın son iki oyununda start heyətdə yer alıb.
0