Kara: Belə münasibəti özümə sığışdırmaram
25.11.2008 - 14:45
Kara: Belə münasibəti özümə sığışdırmaram
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi postundan istefa verən türkiyəli mütəxəssis Rasim Karanın apasport.az saytına müsahibəsi

- Azərbaycanı nə vaxt tərk edəcəksiniz?
- Bir-iki günə vətənimə qayıdacağam. Bakıda qalmağım bilet problemi ilə bağlıdır.

- “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla İstanbulda görüşəcəyinizi demisiniz. Onunla konkret hansı məsələləri müzakirə edəcəksiniz?
- Biz Mübariz bəylə qardaş kimiyik. “Xəzər-Lənkəran”a da ona görə qayıtmışdım. Mübariz bəy gedişimə üzüldü.

- Rasim bəy, sualımıza konkret cavab vermədiniz...
- Görüşüm “Xəzər-Lənkəran”la bağlı olacaq. Klubun durumunu dəyərləndirəcəyik. Özümə doğma saydığım “Xəzər-Lənkəran”ın inkişaf etməsini istəyirəm. Uşaq futbolunun inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparacağıq.

- Klubun rəsmi açıqlamasında Sizin “Xəzər-Lənkəran”ın futbol akademiyasına rəhbəri təklif olunması qeyd olunub...
- Bu barədə mətbuatdan xəbər tutmuşam. Mənə rəsmən belə vəzifə təklif olunmayıb.

- “Xəzər-Lənkəran”ın baş məşqçi postundan ardıcıl ikinci dəfə istefa verirsiniz. Üç il öncə ilk istefanızdan sonra klubda rəhbər vəzifədə çalışdınız. Yenə “Xəzər-Lənkəran”da çalışmaq perspektivinə necə baxırsınız?
- Bu klubda işləməsəm belə, onun tərəqqisində maraqlıyam. Bu mənada uşaq futboluna diqqət çox vacibdir. Mən “Qarabağ”da baş məşqçi olduğumuz dövrdə də eyni işə başlamışdım. Bu klubla bağlı məsələlərə şərh vermək istəmirəm. Bunlar artıq keçmişdə qalıb, mən isə gələcəyə baxıram. “Qarabağ”a da gələcəkdə uğurlar arzulayıram.

- Son dörd ayda komandada iki dəfə baş məşqçi dəyişikliyi olur. Yeni çalışdırıcıya da uyğunlaşmaq üçün vaxt lazım olacaq. Hesab etmirsiniz ki, bu, nəticəyə iddialı olan klubun çıxışına öz mənfi təsirini göstərəcək?
- “Xəzər-Lənkəran”dan getsəm belə, onun gələcəyi ilə bağlı nikbinəm. Komandanın uğurlu çıxış edəcəyinə, yaxşı transferlər ediləcəyinə, problemlərin həll olunacağına inanıram. Lənkəran təmsilçisinin lider “İnter”lə 3 xallıq fərqi var. Bu isə elə də böyük deyil.

- Elə isə liderlə cəmi üç xallıq fərqi olan komandanın baş məşqçisinin istefaya getməsi nə dərəcədə məntiqəuyğundur?
- Mən köməkçilərimlə birgə “Xəzər-Lənkəran”da işə başlayanda komanda pis vəziyyətdə idi. Üzləşdiyimiz çatışmazlıqları aradan qaldırmağa çalışdıq. Əlimizdə olan heyət, bir-iki transferlərlə mövsümə başladıq. İlk turda məğlub olsaq da, ardıcıl 8 qələbə qazandıq, lider olduq. Ancaq komandanın azarkeşləri mənim qalmağımı istəmədi. “Qarabağ”a son turda uduzduğumuz oyundan sonra məni istefaya səslədilər. Mən də getdim.

- Axı azarkeşlərin hər istefa şüarına görə baş məşqçi postundan getməz...
- Mən də bir kişiyəm, azarkeşlərin belə münasibətini özümə sığışdırmadım.

- Yəni, söhbət qürurdan gedir...
- Ab-hava yaxşı deyildi. Azarkeşlər məni istəmirlərsə, qalmağım düzgün olmazdı. Buna görə də qəti qərar qəbul etdim.

- “Qəbələ” ilə matçda psixoloji gərginlikdə olduğunuzu bəyan etmisiniz. Sizə konkret kimlərin təzyiqi var idi?
- “Qəbələ” klubunu səfərdə məğlub etsək də, narazılıq var idi. Mən ümumi danışıram, konkret kimlərisə nəzərdə tutmuram. Əsas təzyiqi mətbuatdan gördüm. Necə ola bilər ki, çempionluq uğrunda rəqiblərimizdən “İnter” evdə “Qarabağ”la heç-heçə edir, “Bakı” səfərdə “Simurq”a uduzur, ancaq baş məşqçilərinə belə təzyiqlər olmur? Mən isə qələbə qazandığım halda, mediadan fərqli münasibəti görürəm.

- “Xəzər-Lənkəran” ölkədə ən populyar klublardandır, böyük azarkeş dəstəyinə malikdir...
- Hər halda, “İnter” də son Azərbaycan çempionudur.
0