Dərəlioğlu: “Xəzər-Lənkəran”da yaxşı nəsə görmədim
25.11.2008 - 16:47
Dərəlioğlu: “Xəzər-Lənkəran”da yaxşı nəsə görmədim
“Xəzər-Lənkəran” klubunun sabiq türkiyəli hücumçusu Oktay Dərəlioğlunun apasport.az saytına eksklüziv müsahibəsi

- Oktay, işləriniz necədir?
- Yaxşıdır. Türkiyədə bir anlaşma imzaladım və bunun nəticəsində “Liq” TV-də şərhçi kimi çalışıram. Azərbaycanda nə xəbər var?

- Əsas xəbər budur ki, həmyerliniz Rasim Kara “Xəzər-Lənkəran”dan yenə istefa verdi...
- Hə, bunu eşitdim.

- Bəs buna reaksiyanız necə oldu?
- Bu haqda bir şeyə bilmərəm. Ancaq bəziləri kluba gələcəyimi söyləyirlər. Açığı, “Xəzər-Lənkəran”dan təklif almamışam.

- Təklif olsa, bunu qəbul etməyə hazırsan?
- Mən peşəkaram və təbii ki, “Xəzər-Lənkəran”ın təklifini düşünərəm. Bildiyiniz kimi, mövsüm öncəsi gəlişim baş tutmadı. Bu, bir olay oldu.

- Nə baş vermişdi ki? Rasim Karanın qayıdışından sonra hamı sizin də “Xəzər-Lənkəran”da yer alacağını gözləyirdi...
- Mən faydalı ola biləcəyim yerə gedirəm. Çox danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, hər kəs mənim necə baş məşqçi olacağımın fərqini görəcək. Yəni, özümü sizlərə sözlə yox, əməlimlə göstərəcəyəm.

- Belə demək olarmı ki, Kara ilə aranızda problem olduğu üçün “Xəzər-Lənkəran”a qayıtmadınız?
- İndiyədək heç kimlə problemim olmayıb.

- Bəlkə işinizə müdaxilə ediblər?
- Bildiyiniz kimi, vəzifəyə başlamadan ayrıldım. Çünki “Xəzər-Lənkəran”da yaxşı nəsə görmədim. Yaxşı olacağına inanmadım.

- Yəqin ki, söhbət Karanın çalışdırdığı komandadan gedir...
- Bəli.

- Niyə belə fikirləşirsiniz ki?
- Karanın özünü arayıb, uğurlar dilədim. Ona “İnşallah, işlərin uğurlu olar” dedim. Amma eyni zamanda, bu şərtlər altında çalışmayacağımı da bildirdim.

- Şərtlər sizin üçün çoxmu çətin idi?
- Yox. Sadəcə, mənim öz prinsiplərim var. Heç kimlə problemim ola bilməz. Çünki yaxşı düşünən, müsbət hərəkət edən insanam. Həyatım boyu belə oldu. Yaxşı yerdə həmişə çalışaram.

- Hansı prinsipləriniz var?
- Onları açıqlamaq istəmirəm. Mənə yad prinsiplər var idi və ona görə təklifi qəbul etmədim. Bundan sonra Azərbaycanda başqa komandalardan da təklif aldım.

- Konkret hansılardan?
- Açıqlamaq istəmirəm. Çünki yanlış anlaşılacaq.

- Sizi konkret hansı vəzifəyə çağırırdılar: baş məşqçi, menecer, yoxsa klub funksioneri?
- Mən menecer yox, məşqçiyəm. Gənc yaşlarımda ikən kurslara getdim və indi Türkiyədə məşqçiyəm.

- Dediklərimizdən belə qənaətə gəlmək olar ki, Karanın “Xəzər-Lənkəran”da çox qalmayacağını düşündüyünüzdən, bu istefa sizin üçün gözlənilən idi?
- Karanın klubda nə qədər qalacağının fərqinə varmırdım. Sadəcə, çalışma şərtlərinin mənə uyğun olmadığını düşündüm. Bunu həm Karaya, həm də klub rəhbərliyinə dedim. Onlara dedim ki, bu şərtlər altında “Xəzər-Lənkəran”a gəlməyəcəyəm. Hər kəs uğurlar dilədim, “Allah köməyiniz olsun” deyib, telefonu bağladım.

- Necə hesab edirsiniz, əgər Karadan sonra sizi baş məşqçi postuna gətirsələr, şərtlər dəyişəcəkmi, istədiyiniz olacaqmı?
- Bir çox yerlərdən təkliflər almışam. Bunlar arasında Türkiyə variantları da var. Azərbaycan futbolunda yaxşı bir iş görmək istəyirəm. Ancaq bunun üçün şərtlərin uyğun gəlməsi, peşəkar düşüncə olması vacibdir.

- Az öncə məşqçilikdə ən yüksək dərəcə sayılan “Pro” lisenziyasını almısınız. Bəlkə bununla özünüzü “Xəzər-Lənkəran”ın baş məşqçi postuna hazırlaşdırırsınız?
- Ola bilər. Niyə də olmasın? Çünki bu klubla yaxşı əlaqələrim var. Mən “Xəzər-Lənkəran”ı çox böyük yerləri gətirirəm. Lənkəranda məni çox sevirlər. “Xəzər-Lənkəran”da sevə-sevə işləyərəm. Ancaq bir daha bəyan edirəm ki, bunun üçün ilk növbədə şərtlər uyğun gəlməlidir.

- Amma bu şərtləri xırdalamadınız...
- Bu, peşəkarlıqla bağlıdır. Hər kəs işini, çalışma sistemini biləcək. Hər şeyə tez-tələsik nail olmaq mümkün deyil. Önəmli olan uşaq futboluna, aşağı yaş qruplarından ibarət komandalara xüsusi diqqət yetirməkdir. Əlimizdə sehrli çubuq yoxdur. İşin nəticəsini görmək üçün zaman lazımdır. Misal üçün, mən komandaya gəlsəm, üç illik müqavilə imzalayaram. Bu müddətlik anlaşma olmasa, gəlmərəm.

- Kənardan “Xəzər-Lənkəran” sizin üçün necə görünür? Hansı çatışmazlıqları qeyd edə bilərsiniz?
- UEFA kubokunda oyunlarını izlədim. Bundan sonra “Xəzər-Lənkəran”ı izləmədiyim üçün indiki durumunu bilmirəm. Əgər gəlsəm, dediyim kimi, qısa yox, uzun müddətlik gələrəm.

- Belə başa düşdük ki, hazırkı vəziyyətdə “Xəzər-Lənkəran”ın sükanı arxasına keçməyə hazırsınız. Mövsümün ortasında, özü də məşqçi təcrübəsi olmayan Oktay Dərəlioğluya komandanı götürmək çətin olmayacaq ki?
- Təbii ki, “Xəzər-Lənkəran”ı çalışdırmağa hazıram. Çoxdan futbolda olduğumdan, baş məşqçi işini çox yaxşı bilirəm və özümə inamım böyükdür. Məşqçi kimi işləməsəm də, bu iş mənim üçün çox sadədir. Məşqçilik kursunu da bitirmişəm.

- Bəs siz “Xəzər-Lənkəran”a yeni baş məşqçi tapılmasında vasitəsi ola bilərsinizmi? Hər halda, bu klubda menecer kimi çalışmağınız nəzərdə tutulmuşdu...
- Kənardan məşqçi gəlməsində hər cür yardım edə bilərəm. Amma mən “Xəzər-Lənkəran”ı çalışdıracaq gücdəyəm. Buna səviyyəm çatır. Elə özümü baş məşqçi kimi görürəm. Mən varamsa, başqasına gərək yoxdur. Sadəcə, reallıq budur ki, Lənkəranda hər şey peşəkar səviyyədə olmalıdır. Futbolda çox böyük para verirsiniz, amma istədiyinizə nail ola bilmirsiniz. Çünki futbolda pul vacib olsa da, hər problemi həll etmir. Pulla birlikdə yaxşı bir sistem qursanız, futbolda çox böyüyərsiniz. Amma “Xəzər-Lənkəran”da hələ bu sistem yoxdur.

- “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla hər hansı görüşünüz, yaxud telefon söhbətiniz olubmu?
- Mübariz bəyin işləri çox olduğu üçün onunla görüşə bilmədim. O, “Xəzər-Lənkəran”ın, Azərbaycan futboluna inkişafında maraqlıdır. Sadəcə, işləri çox olduğundan, hər şeylə yaxından maraqlana bilmir. Mübariz bəy nə vaxt istərsə, onunla görüşə bilərəm. Karanın vaxtında “Xəzər-Lənkəran” mənə baş məşqçi yox, menecer vəzifəsi təklif etmişdi. Menecer vəzifəsi də yaxşıdır. Amma məndə məşqçilik bacarığı var. Mən komandanın tək cavabdeh şəxsi olmaq istəyirəm. Belə məsuliyyət daşımağımı istəyirlərsə, Oktay Dərəlioğlu olaraq “Xəzər-Lənkəran”a gələrəm.
0