Petrjelanı Azərbaycana qaytarmaq istəyirlər
27.11.2008 - 10:21
Petrjelanı Azərbaycana qaytarmaq istəyirlər
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela artıq neçə vaxtdır psixoloji klinikada müalicə olunur. Apasport.az saytının məlumatına görə, çexiyalının bu duruma düşməsində ölkəmizə səfərinin də rolu olub. Yazışmaya, telefonla danışmağa qadağa qoyulan 55 yaşlı mütəxəssis məhdud sayda adamla görüşə bilir. Rusiyalı həmkarlarımız artıq Petrjela ilə ayrılan Zuzana Kratoxvila ilə söhbət edərək, keçmiş həyat yoldaşının durumuna aydınlıq gətirməyə çalışıb: “Əlaqələrimizi tam qırmasaq da, ayrı yaşayırıq. Rəsmən də boşanmışıq. Vlastimil qazandığı hər şeyi uduzub və qəpiksiz qalıb. Hətta dostlarının da 1-2-si qalıb. Bir anda dərk etdim ki, o özünü idarə edə bilmir. Bu onun Bakıdan “Neftçi” rəhbərliyi ilə mübahisə edib qayıtmasından sonra baş verdi. Onun əhval-ruhiyyəsi dəhşətli olmuşdu. Bütün dünyanı söyür, hamını günahkar sayırdı”.

Kratoxvila deyib ki, Petrjelanı hələ də Azərbaycana qaytarmaq istəyənlər də var: “Tibb bacıları telefonunu alıb zənglərə cavab verir. Bəzən isə özü xahiş edib danışmaq imkanı əldə edir. Hətta Azərbaycandan zəng edib Vlastimilin özü ilə danışıblar. Təəccüblüsü odur ki, “Neftçi”dəki həmin rəhbər şəxs – onunla heç də yaxşı tərzdə ayrılmayan adam zəng edərək Vlastimillə söhbət edib. Onun planları ilə maraqlanıb. Petrjela ən azı qışadək heç yerdə çalışmayacağını bildirib”.

Qeyd edək ki, Petrjela 2007-ci ilin sentyabrından ilin sonunadək “Neftçi”nin baş məşqçisi olub.
0