Berti Foqts yenə qalmaqalçılar siyahısında
28.11.2008 - 12:56
Berti Foqts yenə qalmaqalçılar siyahısında
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun adı yenə qalmaqalda hallandırılır. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı dünyanın ən davakar 10 futbolçusunun siyahısına düşüb. Amma elə bilməyin ki, Foqts özü qalmaqalçı olduğundan bu siyahıda yer alıb. Sadəcə, yığmamızın baş məşqçisinin adına həmyerlisi Ştefan Effenberqlə dava-dalaş ucbatından “Top-10”da rast gəlmək mümkündür.

Dünyanın ən qalmaqalçı 10 futbolçusu aşağıdakılardır:

1. Coy Barton (“Nyukasl”ın müdafiəçisi)
2. Culian Diks (“Liverpul”un sabiq müdafiəçisi)
3. Ştefan Effenberq (“Bavariya”nın sabiq yarımmüdafiəçisi)
4. Yens Lemann (“Ştutqart”ın qapıçısı)
5. Kriştianu Ronaldo (“Mançester Yunayted” və Portuqaliya yığmasının yarımmüdafiəçisi)
6. Uilyam Qallas (“Arsenal” və Fransa yığmasının müdafiəçisi)
7. Dankan Ferqyuson (“Nyukasl” və Şotlandiya yığmasının sabiq hücumçusu)
8. Mido (“Midlsbro” və Misir yığmasının hücumçusu)
9. Pyer van Hoydonk (“Fənərbaxça” və Hollandiya yığmasının sabiq hücumçusu)
10. Edmundo (Braziliya yığmasının sabiq hücumçusu, hazırda “Vasko da Qama”nın şərəfini qoruyur)

Bunların arasında ən çox “fərqlənən” Coy Bartondur. 26 yaşlı futbolçu daha nə etməyib ki!? Komanda yoldaşlarının yanında siqaret çəkib, “Everton”un 15 yaşlı fanatını döyüb, taksi sürücüsünə hücum etdikdən sonra 6 aylıq həbs olunub, məşq zamanı komanda yoldaşını əzişdirib və s. Həmçinin, Edmundo da həmişə meydanda və ondan kənardakı hərəkətləri ilə diqqət mərkəzində olub. Təsadüfi deyil ki, onun ləqəbi “heyvan”dır.

Berti Foqtsa gəlincə, o, Effenberqin güdazına gedib. 1994-cü ildə ABŞ-da təşkil olunmuş dünya çempionatında Almaniya yığmasının müdafiəçisi Ştefan əsəblərini cilovlaya bilməyərək, azarkeşlərə barmağı ilə qeyri-etik jest göstərmişdi. Nəticədə bu, dünya futbolunda misli görünməyən qalmaqala səbəb olmuşdu. Oyundan dərhal sonra Almaniya milli komandasının o vaxtkı baş məşqçisi Berti Foqts təcili iclas keçirərək, Effenberqi yığmadan qovmuşdu.
0