Ponomaryov İsveç çempionatının altıncı dəstəsində çalışa bilər
28.11.2008 - 15:54
Ponomaryov İsveç çempionatının altıncı dəstəsində çalışa bilər
Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov İsveç çempionatının altıncı dəstəsində çalışa bilər. Apasport.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssis aşağı dəstə təmsilçisi “Rinqarum”un yeni baş məşqçisi olmağa ən real namizəddir. İsveç çempionatının IV divizionunun “Ostersqotland Ostra” zonasında çıxış edən klub Qoran Berqortun “Norçepinq”ə keçməsindən sonra baş məşqçisiz qalıb.

Yeni komandasında ilk müsahibəsini verən Berqort “Rinqarum”da onu Ponomaryovun əvəzləyə biləcəyini açıqlayıb: “1989-cu ildə “Norçepinq” tarixi ərzində sonuncu dəfə İsveç çempionu olanda İqor Ponomaryov bu komandanın üzvü idi. Yarımmüdafiəçinin İsveçdəki futbolçu karyerası ağır zədə üzündən cəmi bir mövsüm sürdü. İndi onun xidmətləri Kilkenna təmsilçisinə təklif olunub. O, indiyədək Azərbaycan milli komandasını və İsveçin bir neçə klubunu çalışdırıb. Ponomaryov çox soyuqqanlı mütəxəssisdir və klubdakı işi zamanı daim hər şeylə maraqlanır”.

Qeyd edək ki, İsveç çempionatında divizionların sıralaması Olsvenska və Superettandan sonra başlayır və IV divizion sayca altıncı dəstə sayılır. Bu divizionda çıxış edən komandalar 23 zonanın 47 qrupunda mübarizə aparır.
0