Əliyev hakimi keçiyə bənzətdi
28.11.2008 - 19:29
Əliyev hakimi keçiyə bənzətdi
Kiyevin “Dinamo” klubunun yarımmüdafiəçisi Aleksandr Əliyev Çempionlar Liqasının V turunda “Arsenal”la səfər matçında aldığı qırmızı vərəqəyə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, komandasını azlıqda qoyan və onun minimal hesablı məğlubiyyətində günahkar sayılan Əliyev bundan təəssüflənmədiyini bildirib.

“Əhvalım sadəcə, əladır. Daim həmin məqam haqda fikirləşəsi deyiləm ki. Oynadıq və uduzduq. Məni meydandan qovan hakimə gəlincə, Avropada belə oyun idarə etmirlər” – Əliyev belə deyib.

İstedadlı futbolçu komanda yoldaşlarının onun haqda nə fikirləşdiyini vecinə almadığını da qeyd edib. Əliyev, həmçinin bildirib ki, həmin epizodda heç bir qayda pozuntusuna yol verməyib. O, görüşün baş hakimini keçi adlandırmaqdan da çəkinməyib: “Mən heç kimə fikir vermirəm. Çünki günahsız olduğumu bilirəm. Mən hakimi itələmədim, sadəcə, ona toxundum. Cərimə zərbəsini tez vurmaq istəyirdim. Hakim vəziyyəti düzgün qiymətləndirmədi. Bunu onun vicdanına buraxıram. Mən onu həmin oyundan sonra keçi adlandırdım. İndi də sözümün üstündə dururam”.

Qeyd edək ki, Əliyev qırmızı vərəqə ucbatından “Fənərbaxça” ilə Kiyevdə keçiriləcək həlledici qrup matçını buraxacaq.
0