İnzagi: Raul məni ötəcək
29.11.2008 - 12:35
İnzagi: Raul məni ötəcək
İtaliya yığmasının və “Milan”ın üzvü Filippo İnzagi daha bir qol vuraraq, qitə miqyaslı yarışların ən məhsuldar futbolçusu siyahısında zirvəyə yüksəlib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu UEFA kubokunun qrup mərhələsində səfərdə “Portsmut”a qarşı keçirilmiş oyunun (2:2) uzatma dəqiqələrində fərqlənib. Bununla da, İnzaginin hesabındakı qolların sayı 65-ə çatıb.

İndiyədək avrokuboklarda 64 qol vurmuş “Real”ın futbolçusu Raulun göstərici isə Filipponun təəccübünə səbəb olub. Demə, italiyalının bundan xəbəri yox imiş: “Açığı, Raulun uğuru mənim üçün sürpriz oldu. Çünki digər futbolçuların qollarını saymıram. Ancaq mənə dedilər ki, hesablama zamanı Qitələrarası Kubokda vurulan qolları nəzərə almırlar. Yəni, ötən il Yokoqamada rəqib qapısından keçirdiyim iki top bu siyahıya düşməyib”.

İnzagi vurğulayıb ki, hazırda bir top geri qalan Raulun tezliklə avrokubokların ən məhsuldar futbolçusu olacağı şübhə doğurmur: “Raul gəncdir və mənim rekordumu qırmaq imkanına malikdir. Hər halda, bombardirlər siyahısına başçılıq etdiyim üçün xoşbəxtəm”.
0