“Qızıl top” mükafatı Ronaldonun oldu
29.11.2008 - 14:50
“Qızıl top” mükafatı Ronaldonun oldu
2008-ci il üçün Avropanın ən yaxşı futbolçusu Portuqaliya yığmasının və “Mançester Yunayted” klubunun üzvü Kriştianu Ronaldo olacaq. Apasport.az saytının məlumatına görə, “Qızıl top” mükafatının qalibinin adı rəsmən açıqlanmasa da, bunu Ronaldonun qazanacağı şübhə doğurmur.

Artıq mükafatı təsis edən “Frans Futbol” jurnalının fotoqrafları Mançesterə ezam olunublar. Onlar “Qızıl top”un növbəti qalibi olacaq 23 yaşlı yarımmüdafiəçidən fotosessiya hazırlayacaqlar.

Ronaldo bu il “Mançester Yunayted”in İngiltərə çempionu titulunu, eləcə də Çempionlar Liqasını qazanmasında ən çox zəhmət çəkən futbolçulardan biridir. O, ötən mövsüm 42 qol vuraraq, “Qızıl buts” mükafatına yiyələnib. Maraqlıdır ki, Kriştianunun “Qızıl top”a namizədlər arasındakı əsas rəqibi argentinalı Lionel Messi də onu dəstəkləyib.

“Frans Futbol” sözügedən mükafatı kimin qazandığını rəsmən dekabrın əvvəllərində açıqlayacaq. “Mançester Yunayted” futbolçuları sonuncu dəfə 40 il öncə “Qızıl top”u qazanıblar. 1968-cı ildə “qırmızı şeytanlar”dan Corc Best fərqlənmişdi. Ötən il isə Braziliya yığmasının və “Milan”ın üzvü Kaka bu mükafata sahib çıxmışdı.

Xatırladaq ki, “Qızıl top” mükafatına 30 namizəd olub.
0