Şahin Diniyev “Terek”in baş məşqçisi oldu
01.12.2008 - 11:39
Şahin Diniyev “Terek”in baş məşqçisi oldu
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev karyerasını Rusiyada davam etdirəcək. Bu haqda apasport.az saytına məlumat verən Diniyev Qroznının “Terek” klubunun əvəzedicilərdən ibarət komandasını çalışdıracağını söyləyib.

Yenicə Rusiyadan qayıdan 42 yaşlı mütəxəssis artıq şəraitlə də tanış olub: “Terek”dən mövsüm bitəndən sonra təklif almışdım. Çeçenistanın idman naziri Haydar Alxanovla “Terek”i çalışdırdığım vaxtdan bəri yaxşı münasibətlərim var. Klubun prezidenti Ramzan Kadırov məni komandada görmək istəyirdi. Şəraitlə tanış olduqdan sonra fikrimi qətiləşdirib, razılıq verdim. Müqaviləmiz birillik nəzərdə tutulub. “Terek”in əvəzedicilərdən ibarət komandasında səviyyəli futbolçular cəmləşib. Ötən mövsümü 15-ci yerdə başa vuran “Terek”in əvəzedicilərinin həm nəticə, həm də oyun baxımından problemləri olub. Məqsəd nəticələri yaxşılaşdırıb, əsas komanda üçün ehtiyat qüvvə hazırlamaqdır”.

Diniyev vurğulayıb ki, işsiz qaldığı dövrlərdə başqa komandalardan da təklif alıb: “Azərbaycan Premyer Liqasında yarışan 3 klub mənə dəvət göndərmişdi. Orada həmkarlarım çalışır və ad açıqlamağı etik cəhətdən düzgün çıxmaz. İran və Küveyt klublarından da təklif almışdım. Ancaq həm dil problemini, həm də şəraiti nəzərə alaraq, “Terek” variantını dəyərləndirdim”.

Gənc məşqçi milli komandadan sonra “Terek”də işləməyi geriyə addım saymır: “Bu, ad baxımından belə görünə bilər. Ailəmə görə Vətənimdə işləmək istərdim. Lakin Rusiyada daha böyük perspektiv gördüm. Orada püxtələşmək, məşqçi kimi irəli getmək üçün yaxşı imkanlar var. Heç vaxt pul dalınca qaçmamışam. Elə etmişəm ki, pul mənim dalınca qaçıb. Məşqçi iş axtarmır, iş onu tapır”.

“Terek”in futbolçuları 2009-cu il yanvarın 4-də növbəti mövsümə hazırlıq məqsədilə bir araya gələcəklər. Hələlik Diniyev klubun əvvəlki məşqçiləri ilə çalışacaq. Gələcəkdə onun özünə azərbaycanlı məşqçilərdən birini köməkçi götürəcəyi istisna deyil.

Qeyd edək ki, Diniyev 2000-01-ci illərdə “Terek”in əsas komandasının baş məşqçisi olub.
0