Fəxri prezident “Turan”ı dağılmağa qoymayacaq
25.12.2008 - 14:03
Fəxri prezident “Turan”ı dağılmağa qoymayacaq
“İndiyədək “Turan”a kömək üçün mənə müraciət olunmayıb, heç buna maddi imkanım da yoxdur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Tovuzun “Turan” klubunun fəxri prezidenti Vidadi Əhmədov deyib.

1992-2002-ci illərdə “Turan”ın prezidenti olmuş Əhmədov klubun hazırda maliyyə problemləri ilə üzləşməsindən narahatlığını bildirib. Bununla yanaşı o, Tovuz klubunu yenidən himayəyə götürməyə hazır olmadığını söyləyib: “10 il “Turan”ın prezidenti oldum. Bu vəzifədə müəyyən uğurlara imza atdıq. Avropa kuboklarında ölkəmizin ilk təmsilçisi biz olduq. Lakin bir müddətdir ki, futboldan tam uzaqlaşmışam. Yenidən futbola qayıtmaq fikrində deyiləm”.

Amma Əhmədov “Turan”ın maddi problemlər üzündən dağılma təhlükəsinin qarşısını almağa hazır olduğunu vurğulayıb: “Bir neçə gün öncə AFFA prezidenti Rövnəq Abdullayev çıxışında “Turan”ın dağılmayacağını bildirdi. Mən də klubun dağılacağına inanmıram. Belə bir təhlükəni hiss etsəm, bütün imkanlarımdan və əlaqələrimdən istifadə edərək klubun yaşamasına çalışacağam”.

Qeyd edək ki, “Turan” klubu ən ciddi uğurlarına Əhmədovun rəhbərliyi altında imza atıb. 1994-cü ildə Azərbaycan çempionluğunu qazanan Tovuz komandası 1995-ci ildə gümüş, 1992 və 1993-cü illərdə bürünc medallara layiq görülüb. Azərbaycan Premyer Liqasının ilk dövrəsindən sonra “Turan” 13 oyundan 4 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Lent.az
0