MOİK ilk transferini reallaşdırdı
25.12.2008 - 14:32
MOİK ilk transferini reallaşdırdı
Azərbaycan Premyer Liqasının debütantı Mərkəzi Ordu İdman Klubu (MOİK) dövrələrarası fasilədə ilk transferini reallaşdırıb. Bu haqda apasport.az saytına MOİK-in məşqçisi Ramil Əliyev məlumat verib. Onun sözlərinə görə, ordu klubu 21 yaşadək futbolçulardan ibarət yığmanın üzvü Fərid Həşimzadə ilə müqavilə bağlayıb.

Transfer hüququ “Neftçi”nin ikinci komandasına məxsus olan Həşimzadə qarşıdakı 6 ayda icarə əsasında “hərbçilər”in şərəfini qoruyacaq. Yaxın günlərdə MOİK rəhbərliyi heyətə başqa yeni oyunçular da cəlb edəcək. Çünki birinci dövrə başa çatdıqdan sonra bir neçə futbolçu transferə çıxarıldığı üçün paytaxt təmsilçisinin güclənməsinə ehtiyac yaranıb.

Qeyd edək ki, 20 yaşlı Həşimzadə 2006-07-ci illərdə MOİK-in formasını geyinib və hətta kapitan sarğısını daşıyıb. Hərbçilərin Premyer Liqaya vəsiqə qazanmasında onun da böyük əməyi olub. Bundan başqa, Fərid 2 il öncə U-19-un heyətində Avropa çempionatının seçmə mərhələsində Ermənistan üzərində qazanılan 2:1 hesablı qələbədə qol vurmaqla, diqqət çəkmişdi.
0