Hollandiyanın ən yaxşı məşqçisi Azərbaycana dəvət edilib
25.12.2008 - 15:32
Hollandiyanın ən yaxşı məşqçisi Azərbaycana dəvət edilib
Dünyanın ən məşhur məşqçilərindən olan Ko Adrianse Azərbaycanda çalışmaq təklifi alıb. Apasport.az saytının məlumatına görə, 61 yaşlı hollandiyalı mütəxəssis bu yaxınlarda ölkəmizə gələ bilərmiş.

Çox cəlbedici təklif alan Adrianse bunu Hollandiya mətbuatına verdiyi müsahibədə açıqlayıb: “Hollandiya klublarından biri mənə baş məşqçi postunu təklif etmişdi. Avstraliyaya da getməyimi xahiş edirdilər. Amma fikrimcə, ora çox uzaqdır. Azərbaycanda da məni iş başında görmək istəyirdilər. Azərbaycan çox varlı ölkədir, və orada çox pul qazana bilərdim”.

Adrianse 1964/70-ci illərdə “Valviyk”, 1970/76-cı illərdə “Utrext”in şərəfini qoruyub və futbolçu karyerasını 29 yaşında bitirib. Bütün uğurlarını məşqçi kimi qazanan çalışdırıcı, bu vəzifədə 37 yaşında debüt edib. Çalışdırdığı komandaların ikisini də aşağı dəstədən güclülər dəstəsinə çıxarmaqla ad qazanıb. “Zvolle” (1984-88) və “Den Haaq”dan (1988-92) sonra “Ayaks”a üz tutan mütəxəssis 5 il (1992-97) gənclərdən ibarət komandanı çalışdırıb.

1997/2000-ci illərdə “Villem II”nin baş məşqçisi olan Ardianse 2000/01 mövsümünü “Ayaks”ın əsas komandasının sükanı arxasında keçirib. 2002/05-ci illərdə heç kimin tanımadığı “Alkmar”la tarix yazan çalışdırıcı 2004-cü ildə Hollandiyanın ən yaxşı məşqçisinə verilən “Rinus Mihels mükafatı”nı qazanıb.

2005/06 mövsümündə vətəni tərk edib Portuqaliyaya üz tutan Adrianse bir ildə üç titula sahib çıxıb. Onun baş məşqçisi olduğu “Portu” həm ölkə çempionu, həm kubokunu qazanır, mütəxəssis isə 2006-cı ilin ən yaxşı məşqçisi seçilir. 2006/07 mövsümündə Ukraynada “Metallurq” (Dometsk), ötən il isə Qətərin “Əl-Sədd” klubuna başçılıq edən çalışdırıcı bu il martın 13-də “Zaltsburq”la (Avstriya) iki illik müqavilə bağlayıb.
0