Zinəddin Zidan Bakıya gəlir - YENİLƏNİB
25.12.2008 - 15:41
Zinəddin Zidan Bakıya gəlir -  YENİLƏNİB
Dünya futbolunun əfsanələrindən olan Zinəddin Zidan Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, Fransa yığmasının sabiq kapitanının Azərbaycana gəlməsi ilə bağlı ilkin razılıq əldə olunub. Yalnız onun qısa müddətli səfərinin tarixi dəqiqləşməyib. Zidanın gəlişi futbolun populyarlaşdırılmasına xidmət edir ki, bir müddət əvvəl bu məqsədlə Franko Barezi və Daniel Massaro da ölkəmizə gəlmişdi.

Bakı Futbol Federasiyasının (BFF) vitse-prezidenti Məzahir Süleymanzadə də apasport.az saytına açıqlamasında məşhur futbolçunun Azərbaycana dəvət edilməsi xəbərini təsdiqləyib. “Zidanın Azərbaycana səfərini bu il reallaşdırmaq istəyirdik. Ancaq ötənlərin məşhur futbolçusunun iş qrafikinin sıx olması, o cümlədən ABŞ-a səfəri buna imkan vermədi” – deyə Süleymanzadə bildirib.

BFF rəsmisinin sözlərinə görə, iki il öncə futbolçu karyerasını başa vuran dünya və Avropa çempionunun ölkəmizə gəlişi və burada nümunəvi çıxış etməsi realdır: “Zinəddinin bir sıra ölkələrdə futbol məktəbləri var. Onun qardaşı məşhur oyunçu olmasa da, uşaq futbolunda tanınan mütəxəssisdir. Həmin şəxslə söhbətdə Zidan Azərbaycana dəvət olunub və buna ilkin razılıq verilib. Zidanın qardaşı imkan olan kimi ölkəmizə gələcəklərini söyləyib. Səfər yay aylarına nəzərdə tutulub. Ümid edirik ki, gələn ilin ortalarında Zidanı Bakıda görə biləcəyik”.

Qeyd edək ki, Zidan üç dəfə dünyanın ən yaxşı futbolçusuna verilən “Brilyant top”a, bir dəfə isə Avropanın ən yaxşı oyunçusuna verilən “Qızıl top”a sahib olub.
0