Araz Nəsirov: Mənə hallalıq verin...
25.12.2008 - 15:53
Araz Nəsirov: Mənə hallalıq verin...
“Xəzər-Lənkəran” klubunun vitse-prezident postunu tərk edən Araz Nəsirov Türkiyəyə yollanır. Apasport.az saytının məlumatına görə, Nəsirov dörd aylıq fasilədən sonra yenidən “Palmalı” Şirkətlər Qrupunun İstanbuldakı baş ofisində çalışacaq. Səfərə hazırlaşan sabiq vitse-prezident klubun rəsmi saytına açıqlamasında “Xəzər-Lənkəran”ın azarkeşlərinə müraciət edib. O, lənkəranlı tərəfdarları komandadan üz çevirməməyə, əksinə, daha çox dəstəyi artırmağa çağırıb: “Qarşıdan ikinci dövrə gəlir. Komandamızda bir çox dəyişikliklər baş verdi. Bütün bunlara baxmayaraq, çempionluğa oynayacaq “Xəzər-Lənkəran” titulunu qaytarmağa çalışacaq. Azarkeşlərdən komandaya həmişəkindən də ciddi dəstək verməyi xahiş edirəm. Onlar bilməlidir ki, “Xəzər Lənkəran”ı digərlərindən fərqləndirən - ürəkləri sevgi dolu fanatlarıdır. Biz “Xəzər”i sevinmək üçün sevməmişik, onu var olduğu üçün sevirik! “Xəzər-Lənkəran”ın tarixinə düşdüyüm üçün qürurluyam. Buradakı fəaliyyətim mənim üçün bir şərəf idi. Hamınızdan haqqınızı halal etməyinizi təmənna edirəm”.

Qeyd edək ki, Nəsirov vitse-prezident postunu 24 yaşlı Rəvan Bəşirova təhvil verib.
0