AFFA “Hyunday”la müqavilə bağladı
25.12.2008 - 16:51
AFFA “Hyunday”la müqavilə bağladı
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “HYUNDAI Auto Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) arasında əməkdaşlıqla bağlı müqavilə bağlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında anlaşmanı assosiasiyanın baş katibi Elxan Məmmədov, qarşı tərəfdən qurumun direktoru Nasir Seyidzadə imzalayıb.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə futbolun kompleks şəkildə inkişafı naminə bir sıra tədbirləri həyata keçirdiklərini bildirən Məmmədov bu il ərzində gerçəkləşdirilən 11 layihənin 9-da “HYUNDAİ Auto Azerbaijan” şirkətinin AFFA-nın tərəfdaşı olduğunu söyləyib. Baş katib ümid edir ki, bu müqavilə sayəsində daha böyük layihələrin həyata keçirilməsinə nail olunacaq.

“HYUNDAİ Auto Azerbaijan” şirkətinin direktoru Rüstəm Məmmədov çıxışında futbolun inkişafı ilə bağlı birgə həyata keçirdikləri layihələrin yüksək qiymətləndirib. O, qarşılıqlı əməkdaşlıqla bağlı müqavilənin imzalanmasından sonra bu istiqamətdə işlərin daha da sürətləndirəcəyinə inamını ifadə edib.

Tədbirdə AFFA ilə “HYUNDAI Auto Azerbaijan” şirkətinin birgə həyata keçirdikləri layihələri özündə əks etdirən video çarx da nümayiş olunub.
0