“Mübariz Mənsimov müqavilə imzalamaq üçün bizi İstanbula dəvət edib”
26.12.2008 - 00:26
“Mübariz Mənsimov müqavilə imzalamaq üçün bizi İstanbula dəvət edib”
Azərbaycan milli komandasına namizəd Cem Fələk Almaniya mətbuatının diqqət mərkəzindən düşmür. Apasport.az saytının məlumatına görə, bu ölkənin “Hurriyət” qəzetinin bugünkü sayında istedadlı türkiyəli futbolçu haqda geniş yazı dərc olunub. Məqalədə Cemin valideynləri ilə birgə Azərbaycana səfəri, ona ölkəmizin vətəndaşlığını daşıması perspektivi və bir sıra məqamlara toxunulub.

Bildirilir ki, Bakıda olarkən AFFA-da keçirilən görüşdə qurumun baş katibi Elxan Məmmədov Cemə “sənin kimi istedadlı futbolçunu sevə-sevə milli komandamızda oynadarıq” deyib və Azərbaycan vətəndaşı olmağı təklif edib. Digər maraqlı məqam isə “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun 12 yaşlı futbolçuya himayədarlığı ilə bağlıdır.

Belə ki, “Palmali” Şirkətlər Qrupunun prezidenti Frankfurtun “Ayntraxt” klubunun 13 yaşlılardan ibarət komandasında forma geyinən Cemə sponsorluq etməyi öz öhdəsinə götürüb: “Dünyanın ən zəngin insanlarından biri olan azərbaycanlı iş adamı Mübariz Mənsimov 7 ildə 1085 qol vuran Cemə və onun ailəsinə maddi və mənəvi dəstək göstərəcəyini açıqlayıb. “Palmali”nın sahibi sponsorluq qərarını verməmişdən öncə futbolçu haqda məşqçilərinin fikirlərini öyrənməklə, onun potensialına tam bələd olub. Azərbaycan Premyer Liqasının ən güclü klublarından sayılan “Xəzər-Lənkəran”ın fəxri prezident Mənsimov Cemə onun peşəkar futbolçu kimi yetişməsi üçün hər cür şərait yaratmağa hazır olduğunu bildirib. O, futbolçuya “Palmali ailəsinə xoş gəldin!” deyib”.

Bununla bağlı fikirlərin bölüşən Cemin atası Vural Fələk isə Mənsimovun onları Bakıda çox yaxşı qarşıladığını vurğulayıb: “Mənsimovla görüşdə onun və bizim istəyimizi detalları ilə müzakirə etdik. Heç bir problem qalmadı. Sponsorluq müqaviləsini imzalanmaq üçün yeni ilə qədər İstanbula yollanacağıq. Bizə ora dəvət edən Mənsimov ailəmizə Frankfurtdan İstanbula və geriyə biletləri də göndərib”.

Almaniyalı həmkarlarımız ötən mövsüm vurduğu 184 qolla rekorda imza atan Cemin Bundesliqada “Bavariya, “Borussiya” (Dortmund), “Nyunberq”, “Hoffenhaym”, İngiltərədə “Arsenal” və “Çelsi”, Avstriyada “Austriya” klublarından təklif aldığını yazıb. Ancaq qısa futbolçu karyerasında 90 medal, 28 kubok qazanan fitri istedad “Ayntraxt”a sadiqliyini nümayiş etdirir.

Qeyd edək ki, Cem FİFA-nın qaydalarına görə, Azərbaycan vətəndaşlığını daşıyıb, milli komandamızın şərəfini qoruması üçün 18 yaşının tamam olmasını gözləməlidir.
0