Vlastimil Petrjela: Kazinoda 18 milyon avro uduzmuşam
26.12.2008 - 11:32
Vlastimil Petrjela: Kazinoda 18 milyon avro uduzmuşam
“Kazinoda uduzduğum pulu üst-üstə yığsaq, yarım milyard Çexiya kronu edir”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun çexiyalı sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.

Kazinoya tez-tez baş çəkməsi ilə ad çıxaran 55 yaşlı mütəxəssis Bakıda da uduzub. Petrjelanın nəzərdə tutduğu yarım milyard Çexiya kronu təxminən 18 milyon avrodur. Dörd ay Praqada Ruhi-Əsəb xəstəxanasında müalicə olunan məşqçi artıq sağalmaq üzrədir: “Klinikaya müraciət edəndə vəziyyətim çox ağır idi. Yalnız “ruletka” haqda düşünürdüm. Qalan şeylər mənim üçün marağını itirmişdi. Bundan sonra nə edəcəyimi bilmirdim. Buna görə də həkimlərə müraciət etməyə qərara aldım. İndi özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, birdəfəlik müalicə olundum. Milad bayramını qeyd etmək üçün iki günlük evə gəlmişəm”.

Gələcək planları haqda danışan “Neftçi”nin sabiq çalışdırıcısı normal şəraitdə yaşamaq, qidalanmaq istədiyini bildirib. Petrjelanın sözlərinə görə, xəstəxanadakı yemək onu təngə gətirib: “Siz ehtimal edirsiniz ki, klinikada necə “rəngarəng” yeməklər ola bilər? Şorba, sıyıq, pəhriz... Mən isə heç vaxt nə şorba, nə də sıyıq xoşlamışam. Əlbəttə, dözürdüm, ancaq bilsəydiniz buna görə nə qədər əziyyət çəkməli olurdum”.

Qeyd edək ki, Petrjela “Neftçi”də dörd ay çalışıb.
0