Yığmanın kapitanı Baş Prokurorluğa yol göstərdi
27.12.2008 - 13:25
Yığmanın kapitanı Baş Prokurorluğa yol göstərdi
“Ukrayna prezidenti Viktor Yuşşenkonun zəhərlənməsi faktı ilə bağlı Baş Prokurorluğa keçmiş komanda yoldaşım Andrey Qusinin çağırılmasından xəbərdaram. Onu da eşitmişəm ki, məni və Andrey Şevçenkonu da ifadə vermək üçün çağıracaqlar. Mən buna uzun müddət güldüm”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Milan” klubunun müdafiəçisi Kaxa Kaladze deyib.

Gürcüstan milli komandasının 30 yaşlı kapitanı Ukrayna prokurorluğunun onu prezident Vladimir Yuşenkonun zəhərlənməsi ilə bağlı açılan istintaqa şahid kimi çağırmaq niyyətini gülüşlə qarşılayıb. Bununla bağlı Ukraynaya gəlmək fikrində olmayan Kaladze prokurorluğa yol göstərib: “İndiyədək mənə çağırış vərəqi gəlməyib. Əgər Ukrayna prokurorluğunun nümayəndələrinin mənə sualları varsa, buyurub Milana gəlsinlər. Mən də onların bütün suallarını cavablandıracağam”.

Qeyd edək ki, Yuşşenko 2004-cü ilin sentyabrında prezident seçkiləri ərəfəsində zəhərlənib. Həkimlər onun yeməyinə dioksin maddəsi qatıldığını bildirirlər. Sui-qəsd faktı ilə bağlı hələlik saxlanılan olmayıb. Adıçəkilən futbolçular istintaqa şahid qismində cəlb olunan biznesmen Tamaz Çinçabadze ilə dostluq münasibətindədirlər. Buna görə də həmin oyunçulardan da ifadə alınması nəzərdə tutulub. Gürcü biznesmen Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq sədrinin müavini Vladimir Saçyukun evində ziyafətdə iştirak edib. İstintaqın əsas versiyasına görə, Viktor Yuşşenko məhz bu şam yeməyi zamanı zəhərlənib.
0