Azərbaycanlı futbolçu ən yaxşılar arasında
27.12.2008 - 13:56
Azərbaycanlı futbolçu ən yaxşılar arasında
Rusiyanın “Zenit” klubunun kapitanı Anatoli Timoşuk bu il Ukraynanın ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı ukraynalı yarımmüdafiəçi jurnalistlər arasında keçirilən sorğuda 140 xal toplayıb. Bu il “Zenit”lə həm UEFA kuboku, həm də UEFA Superkubokunu qazanan Timoşuk ən yaxın izləyici olan Kiyevin “Dinamo”sunun hücumçusu Artyom Milevskini (73 səs) xeyli geridə qoyub.

“Rubin”in heyətində Rusiya çempionluğunu qazanan 34 yaşlı Sergey Rebrov 59 xalla 3-cü yeri tutub. Kiyev “Dinamo”sunun formasını geyinən soydaşımız Aleksandr Əliyev isə 5-ci olub (47 xal).
24 yaşlı azərbaycanlı futbolçu 2008-ci ildə Ukrayna çempionatının ən yaxşı oyunçusu sorğusunda daha yaxşı nəticə göstərib. Əliyev “Dinamo”dakı komanda yoldaşı Milevskidən cəmi 0,1 xal geri qalmaqla, ikinci yeri tutub. Bu il Ukrayna çempionatında 23 oyun keçirən Aleksandr orta hesabla 6,04 xal toplayıb.

2005-ci ildə Azərbaycan çempionatının iştirakçısı olan ukraynalı futbolçu, Əliyevin “Dinamo”da yeni komanda yoldaşı Sergey Kravçenko da ən yaxşılar arasında yer alıb. “Qarabağ”ın 25 yaşlı sabiq yarımmüdafiəçisi bu il Poltavanın “Vorskla”nın heyətində çempionatda 26 görüş keçirib və sorğuda orta hesabla 5,92 bal yığıb.
0