İspanlar Rəşad Sadıqovun harada oynayacağını müəyyənləşdirdi
29.12.2008 - 12:08
İspanlar Rəşad Sadıqovun harada oynayacağını müəyyənləşdirdi
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun “Valyadolid” klubunda baxışda olması İspaniya mətbuatında müzakirə mövzusuna çevrilib. Apasport.az saytının məlumatına görə, həmkarlarımızın 26 yaşlı müdafiəçiyə həsr olunan növbəti yazısında da onun İspaniyada qalacağına inanmadıqları əks olunub: “Rəşad Sadıqov karyerasını Azərbaycanda davam etdirəcək. Lakin futbolçu hələ də İspaniyaya qayıdacağına ümid edir. O, “Valyadolid”in heyətinə yol tapmaq üçün yanvarda ölkəmizə qayıdıb buna cəhd edəcəyini düşünür”.

İspan jurnalistlər Sadıqovun meneceri Kamil Məmmədovun da fikirlərinə yer verib. FİFA agenti də müdafiəçi kimi, transferin gerçəkləşəcəyinə ümidini itirməyib: “Hal-hazırda Rəşadın 4 təklifi var. Açığını deyim ki, o, İspaniyada qalmağın tərəfdarıdır. Hətta aşağı məbləğdə pula olsa belə. Biz İspaniyada olarkən, Rəşad əsas komanda ilə məşq edə bilmədi. Həmin vaxt bu mümkün deyildi. İnanırıq ki, vaxtımız gələcək. İspaniyanı tərk edəndə klub rəsmiləri gələcəkdə bizimlə əlaqə saxlayacaqlarını bildirdi. Dedilər ki, bunun gələn ilin yanvarında olması da mümkündür”.
0