Azərbaycan çempionuna 3 milyon dollarlıq futbolçu təklif olunub
29.12.2008 - 14:21
Azərbaycan çempionuna 3 milyon dollarlıq futbolçu təklif olunub
“Mənə bahalı futbolçu lazım deyil. Transfer məbləği yüksək olan oyunçu transfer etməyəcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Bolqarıstan yığmasında da çıxış etmiş Sofiyanın “Levski” klubunun qapıçısı Georgi Petkovla maraqlanmadıqlarını bildirən ukraynalı mütəxəssisin fikrincə, başçılıq etdiyi komandaya bahalı transfer lazım deyil: “Belə oyunçudansa, çox ucuz olanı alıb, futbolçu kimi yetişdirərəm də. Düzdür, bu, əlavə qayğıdır. Ancaq məşqçinin işi futbolçu hazırlamaqdır. Transfer etdiyimiz dörd gənc, perspektivli yerli futbolçu üzərində çalışacağıq. Bu gedişlə Türkiyədəki hazırlıq prosesinə qədər yeni transferlərimiz olmayacaq. Ola bilsin ki, Antalyada yeni futbolçular baxışa gəlsin”.

Hazırda yerli futbolçu ilə danışıq aparmayan Xodukin braziliyalı oyunçulardan imtina edib. Təcrübəli mütəxəssis “İnter”in milyon dollar qiyməti olan futbolçunu almayacağını bildirib: “Bizə iki braziliyalı futbolçu təklif olundu. Biri hücumçu, digəri orta sahə oyunçusu idi. Oyunlarının videoyazısını izlədim. Yaxşı olmasaydılar, Braziliyanın yüksək liqasında çıxış etməzdilər. Transfer qiymətini soruşanda məlum oldu ki, hər birinin qiyməti 3 milyon dollardır. Yəni, onlar bu məbləğə Azərbaycanda oynamağa razılıq verərlər. Biz isə bu qədər xərcə düşməyi heç fikirləşmirik”.
0