Karlos Alberto Torres Norveç yığmasını çalışdırmağa razılıq verdi
29.12.2008 - 14:35
Karlos Alberto Torres Norveç yığmasını çalışdırmağa razılıq verdi
Azərbaycan yığmasının sabiq baş məşqçisi Karlos Alberto Torres yenidən Avropada çalışa bilər. Apasport.az saytının məlumatına görə, 2004-cü ilin fevralından 2005-ci ilin iyununadək milli komandamıza rəhbərlik edən 64 yaşlı braziliyalı mütəxəssis Norveç Futbol Federasiyasından təklifi alıb.

1970-ci ildə Braziliya yığmasının kapitanı kimi dünya çempionluğunu qazanan Torres skandinaviyalılarla anlaşmağa yaxın olduğunu bildirib: “Norveç Futbol Federasiyasından aldığım təklifi müzakirə edib, ilkin razılığımı vermişəm. Bu məsuliyyəti üzərimə götürməyə hazır olduğumu əvvəldən onlara bildirmişdim. İndi norveçlilərin mənimlə əlaqə saxlayacağı günü, yəni gələn il yanvarın 10-u gözləyirəm”.

Norveç hazırda 2010-cu il dünya çempionatının seçmə mərhələsində Hollandiya, Şotlandiya, İslandiya və Makedoniya yığmaları ilə birgə 9-cu qrupda sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, Torres Azərbaycandan qalmaqalla ayrılıb. O, yığmamızın dünya çempionatının seçmə mərhələsində Bakıda Polşaya qarşı görüşündə (0:3) əsəblərini cilovlaya bilmədiyindən, hakimlə mübahisəyə girişərək, qırmızı vərəqə ilə texniki zonadan qovulmuşdu. Bu oyundan dərhal sonra braziliyalı baş məşqçi postundan istefa vermişdi. FİFA rəhbərliyi isə hakimi təhqir etdiyi üçün Torresi cəzalandırmışdı.
0