Zəfər Biryol: Kara məni “Qarabağ”a çağırırdı
29.12.2008 - 17:25
Zəfər Biryol: Kara məni “Qarabağ”a çağırırdı
2003-2004 mövsümündə Türkiyə Superliqasının bombardiri olduqdan sonra “Fənərbaxça” klubuna keçən Zəfər Biryolun apasport.az saytına eksklüziv müsahibəsi

- Karyeranızı Azərbaycanda davam etdirmək barədə xəbərlər dolaşır. Bildiyimizə görə, ölkəmizdən təklif almısınız...
- Təbii ki, Azərbaycanda oynamaq istərdim. Həqiqətən də təklif almışam. Bu, həm mövsümün əvvəlində, həm də indi olub. Mənə tanınan mütəxəssis Rasim Kara dəvət göndərmişdi. Ancaq həmin vaxt burada bir komanda ilə anlaşdığım üçün ölkənizə gələ bilmədim. Dövrlərarası fasilədə yenidən təklif aldım. Mən də öz növbəmdə oynamaq istədiyimi demişəm. Bunun gerçəkləşməsi üçün şərtlərin uyğun gəlməsi lazımdır.

- Sizə hansı klubda oynamaq təklifi edilib?
- Vallah komandanın adını bilmirəm. Amma mənə təklifi çatdıran menecer dedi ki, Bakı komandalarından biridir.

- Bizdə olan məlumata görə, həmin komanda “Neftçi”dir. Bu klubda həmyerlilərin Suat Usta və Əli Cansun çıxış edir...
- Bu, Suatın komandasıdır? Çox yaxşı. Suatla yaxın dostam. Tez-tez telefonla söhbətləşirəm. Hər dəfə Ustanın kefini soruşub, Azərbaycanda işlərinin necə getməsi ilə maraqlanıram. Ancaq Suat mənə transfer haqda bir şey söyləmədi.

- “Neftçi”nin yenə Türkiyədən futbolçu transfer edəcəyi gözlənilir. Özü də bu komanda hücumçu axtarır.
- Mənə bunu söylədilər. Menecerimə məndən Azərbaycana getmək barədə fikrimi soruşanda müsbət cavab verdim. Danışığımız bu qədər olub. Amma karyeramı ölkənizdə davam etdirməyim üçün buradakı problemi həll etmək lazımdır.

- Söhbət hazırda çıxış etdiyiniz klubla olan müqavilədən gedir?
- Hazırda formasını geyindiyim “Mersin İdman Yurdu” komandası məni buraxmaq istəmir. Bu klubla mövsümün sonunadək müqaviləm olduğum üçün məni sərbəst buraxmayacaq. Məni almaq istəyən Azərbaycan təmsilçisi klubumla danışıq aparmalıdır. Anlaşalar, böyük məmnuniyyətlə ölkənizə gələrəm.

- Transfer məbləği çoxmu böyükdür?
- Məbləği dəqiq bilmirəm. Ancaq bunun yüksək olacağı qətidir.

- Belə fikirlər səslənir ki, türkiyəli futbolçular Azərbaycana yarım milyon dolların qarşılığında gəlirlər.
- Mənim transferimin məbləğin bu qədər olmayacaq. Çünki indiyədək verdikləri para təxminən yarım milyondur. “Mersin İdman Yurdu” aşağı liqada çempionluğa oynadığı üçün mənimlə vidalaşmaq istəmir. Dövrlərarası fasilədə Azərbaycana gəlmək istəyirəm. Ancaq transferimi reallaşdırmaq maddi baxımdan çətin görünür. Dediyiniz məbləğ elə yalnız mənə çatacaq.

- Yəni klubla sizə veriləcək pulu üst-üstə gəlsək, bu, 1 milyon dollar olar?
- Bəli, təxminən bu qədər olar.

- Mövsümün əvvəlində Karadan dəvət aldığınızı dediniz. Bu, “Qarabağ”, yoxsa sonradan çalışdırdığı “Xəzər-Lənkəran” klubu idi?
- “Qarabağ” üçün istəmişdi.

- Bəs niyə Azərbaycanda yüksək liqa yox, Türkiyənin aşağı divizion komandasını seçdiniz?
- Maddi məsələlərdə anlaşmadıq. Burada daha böyük məbləğdə para var. Kara kimi, mən də Azərbaycana gəlməyi çox istərdim. Ancaq məbləğləri müqayisə edəndə, fərq çoxdur. Azərbaycanda Türkiyə ilə müqayisədə futbolçuya az pul verilir.

- Rasim Karanın vaxtilə çalışdırdığı “Xəzər-Lənkəran”da həmyerliləriniz çıxış edir. Türkiyədə çalışan azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu bu komandadan təklif almısınızmı?
- “Xəzər-Lənkəran”dan təklif almamışam. Dediyim kimi, mövsümün əvvəlində və indi başqa komandalar mənimlə maraqlanıb. Yaşım 30-u keçsə də, hazırda özümü çox yaxşı hiss edirəm və komandalarınıza kömək edə bilərəm.

- Azərbaycanlı futbolçu İlqar Qurbanovla birgə “Fənərbaxça” klubunda yer almısınız. Onun haqda nə deyə bilərsiniz?
- İlqar yadımdadır. İstedadlı futbolçu idi. İndi harada çıxış etdiyini bilmirəm. Hazırda Türkiyədədir?

- Bəli. O da sizin kimi aşağı liqada çıxış edir. Cari mövsümdən “Boluspor”da oynayır.
- “Kayserispor” klubunda çıxış edən azərbaycanlı futbolçunun adını bilməsəm də, xatırlayıram. Arxa xətt oyunçusu idi.

- Azərbaycan futbolu haqda hansısa məlumatınız var?
- Son illərdə futbolunuzdakı tərəqqidən xəbərdaram. Bir sıra həmyerlilərim karyeralarını ölkənizdə davam etdirir.

- “Fənərbaxça” və Türkiyə milli komandasının futbolçusu Tümər Mətin də karyerasını Azərbaycanda davam etdirmək istəyir. “Bakı” klubu onunla maraqlanır...
- Ola bilər. Bütün hər şey maddi imkanla bağlıdır. Tümər çox yaxşı futbolçudur. Karyerasını, Türkiyə yığmasının heyətində Avropa çempionatının bürünc medalçısı olduğunu bilirsiniz. Tümər də aldığı təklifi götür-qoy edib, qərarını verəcək. Şərtlər ona sərf edərsə, Azərbaycanda oynamağa razılıq verəcək. Tümərlə menecerimiz eynidir və hər halda, bu futbolçunun ölkənizdə çıxış etməsi mümkündür.
0