Ronaldinyonun komanda yoldaşı Azərbaycanda!
29.12.2008 - 16:16
Ronaldinyonun komanda yoldaşı Azərbaycanda!
Boliviyanın “La-Pas” klubunun hücumçusu Rejis de Souza karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 26 yaşlı braziliyalı hücumçu Bakı klublarından birinə transfer olunur.

“La-Pas”ın prezidenti Maurisio Qonsales keçidin həll olunduğunu təsdiqləsə də, Azərbaycan təmsilçisinin adını açıqlamayıb. De Souza ilə 2011-ci ilədək müqaviləsi olan Boliviya təmsilçisi hücumçunu hələlik 6 aylıq icarəyə vermək niyyətindədir: “Bizə elə gəlir ki, Azərbaycan futbolçumuz üçün ən yaxşı seçimdir. Bizim üçün də oyunçumuzu bu ölkəyə vermək yaxşı haldır. Futbolçularımızın ölkə xaricinə yollanmasına imkan verməyimizi zəruri sayırıq. Çünki bu addım həm idman, həm də maddi baxımdan oyunçuların xeyrinə olur”.

“Qremio”nun yeniyetmə komandasında Ronaldinyo ilə çiyin-çiyinə oynayan Rejis vitse-kapitan funksiyasını yerinə yetirib. Lakin Braziliyada karyerası alınmayan hücumçu Parayvayının “Serro Kora”, oradan da Boliviyaya üz tutub. Ötən il “Oriente Petrolero”, bu il isə “La-Pas”da çıxış edən Souza Bakı “İnter”inin boliviyalı hücumçusu Auqusto Andaverislə komanda yoldaşı olub. Sərbəst zərbələrin mahir ifaçısı kimi Boliviyada ad çıxaran braziliyalı solaxay sürəti, həmçinin dayandığı yerdən zərbə endirməklə də diqqət çəkir.
0