Oktay Dərəlioğlu: Tümərin Azərbaycanda nə işi var?
29.12.2008 - 17:48
Oktay Dərəlioğlu: Tümərin Azərbaycanda nə işi var?
“Türkiyədə aşağı liqa klublarından təklif almışam. Hazırda bunun üzərində fikirləşirəm”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun sabiq hücumçusu Oktay Dərəlioğlu deyib.

Azərbaycan çempionatında 2004/05 mövsümündə Lənkəran təmsilçisinin heyətində gümüş medal qazanan 33 yaşlı futbolçu artıq karyerasını başa vurub. Bu ilin avqustunda İstanbulda “İsmət İnönü” stadionunda vida matçı keçirən Oktay “Beşiktaş”ın heyətində “Xəzər-Lənkəran”a qarşı çıxış edib. Bundan sonra Lənkəran təmsilçisində çalışmaq təklifini dəyərləndirməyən Dərəlioğlu Türkiyə Superliqasının oyunlarının yayım hüququnun malik “Liq TV”də şərhçi kimi çalışır: “Xəzər-Lənkəran” bizim üçün doğma klubdur. Gələcəkdə yenidən bu komandada yer almağım mümkündür. Ancaq hazırda Azərbaycandan olmasa da, Türkiyənin aşağı divizionunda çıxış edən komandalardan baş məşqçi postuna təklif almışam. Şərtlər münasib olarsa, məşqçiliyə başlayacağam. Superliqa klublarından biri məni köməkçi məşqçi postuna dəvət etmişdi. Ancaq baş məşqçi işləmək istədiyimdən, bunu qəbul etmirəm”.

“Beşiktaş”da bir yerdə oynadığı həmyaşıdı Tümər Mətinin karyerasını Azərbaycanda davam etdirməsi variantına münasibət bildirən Oktay bunun reallaşmayacağını düşünür: “Tümər Azərbaycan gəlməz. Çünki Yunanıstanın “Larisa” klubu onu geri qaytarmaq istəyir. Mətinin bu komandada çıxışı uğurlu alınıb. Onun “Larisa” ilə yaxşı münasibətləri var. Fikrimcə, Tümər seçim qarşısında qalsa, Yunanıstana dönəcək”.

Qeyd edək ki, “Bakı”nın transfer etmək istədiyi Tümər ilin əvvəlində dörd ay “Larisa”da oynayıb.
0