“Qalatasaray”ın futbolçusu Azərbaycanda oynamaq istəyir
07.01.2009 - 18:07
“Qalatasaray”ın futbolçusu Azərbaycanda oynamaq istəyir
Türkiyə yığmasının sabiq futbolçusu Tolqa Seyhan karyerasını Azərbaycanda davam etdirmək istəyir. Bu haqda apasport.az saytına “Kocaelispor” klubunun hücumçusu Taner Gülləri məlumat verib. Onun sözlərinə görə, özünə yeni komanda axtaran Tolqa daha çox Azərbaycan komandalarında oynamaq fikrindədir.

32 yaşlı Tolqa ölkəsinin dörd böyük klubundan ikisində - “Qalatasaray” və “Trabzonspor”da forma geyinib. Peşəkar karyerasına 1997-ci ildə “Çanakkala Dardanelspor”da başlayan müdafiəçi beş mövsümdə 100 qarşılaşmaya (3 qol) çıxıb.

2002-2004-cü illərdə “Malatyaspor”da (67 oyun, 10 qol) çıxış edən Seyhan baş məşqçi Ziya Doğanın istəyilə “Trabzonspor”a transfer olunub. Həmin mövsüm (2004/05) Superliqanın bütün görüşlərində meydana çıxan müdafiəçi 34 oyunda 1 qol vurub. Tolqanın belə inamlı çıxışı Donetsk “Şaxtyor”unun diqqətini cəlb edir. Belə ki, rumıniyalı baş məşqçisi Mirça Luçesku Türkiyədə işlədiyi dövrdən yaxşı tanıdığı Tolqanı komandasında görmək istəyir. Nəticədə “Şaxtyor” 2005-ci ildə müdafiəçinin transferinə 8,5 milyon dollar xərcləyir. Bunun 3,5 milyonu Seyhana, qalanı isə “Trabzonspor”a çatır.

Ancaq onun Ukraynada karyerası istənilən kimi alınmır. “Şaxtyor”da mövqeyində çoxlu futbolçu olduğundan, meydana çıxmaq şansı az olan Tolqa cəmi 16 görüşdə forma geyinib. Hər halda, Ukrayna çempionluğunu qazanan futbolçu növbəti il vətəninə qayıdır. “Qalatasaray” “Şaxtyor”dan icarəyə götürdüyü Seyhanı burada daha çox ehtiyatda saxlayır – 4 oyun.

2007/08 “Trabzonspor”da (12 oyun) icarə əsasında çıxış edən müdafiəçi ötən mövsüm “Şaxtyor”la birdəfəlik yollarını ayırıb. Superliqaya qayıdan “Kocaelispor” onunla mayın 31-ə qədər nəzərdə tutulan müqavilə imzalayır. Ancaq həm klubdakı maliyyə problemləri, həm də çox uğursuz çıxış Seyhanı getməyə sövq edir. Bu mənada müdafiəçi karyerasını Azərbaycanda davam etdirməyi düşünür. Klublarımızdan təklif gözləyən Tolqa danışıqlar aparmağa hazırdır.

Qeyd edək ki, Tolqa Türkiyə milli komandasında 2006-2007-ci illərdə 18 oyunda 2 qol vurub.