Bu gün Mahmud, sabah Adamiya, bəs o biri gün?
08.01.2009 - 13:48
Bu gün Mahmud, sabah Adamiya, bəs o biri gün?
Mahmud Qurbanovun “Bakı” klubuna keçidi bu gün rəsmiləşəcək. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, ilkin razılıq əldə etdikləri 36 yaşlı yarımmüdafiəçi ilə bu gün müqavilə bağlanılacaq.

“Onunla yarım illik razılaşma imzalayacağıq. Mahmud da Georgi Adamiya kimi, anlaşmanın qısa müddətə olmasını istədi, biz də etiraz etmədik. Orta sahədə oyunçumuz çox olsa da, bizə pleymeyker lazım idi. Qurbanov da bu tələblərə cavab verən futbolçudur. Sol cinah yarımmüdafiəçisi mövqeyi üçün Adamiyanın transfer etmişik” – deyə Zeynalov vurğulayıb.

Vitse-prezident bildirib ki, Adamiyanın transfer hüquqlarının məxsus olduğu “Neftçi” rəhbərliyi ilə Türkiyədə danışıqlar aparılacaq: “Biz Antalyaya gedərək, “Netfçi” rəsmiləri ilə danışacağıq. Maraq dairəmizdə olan daha bir yerli futbolçu Saşa Yunisoğludur ki, onunla da görüşüm nəzərdə tutulub. Saşanı transfer etməklə müdafiə xəttimizi sırf yerli futbolçulardan qurmaq istəyirik”.

Mahmudun keçidindən sonra əcnəbi yarımmüdafiəçilərin transferi arxa plana keçsə də, məşhur türkiyəli futbolçu Tümər Mətin bu sıraya aid deyil. Məmmədovun sözlərinə görə, “Fənərbaxça” klubunun 34 yaşlı oyunçusunun yarım illik icarəyə götürülməsi hələ gündəmdədir: “Tümərin transferinə fərqli yanaşırıq. Onun keçidi alınsa, transferdən imtina etməyəcəyik. Bunun üçün maliyyə məsələlərində ortaq məxrəcə gəlməyimiz mümkündür. Vitse-prezidentimiz Tunc Afşarın Türkiyədən qayıdışını gözləyirik”.
0