“Bakı” Moldova yığmasının hücumçusunu baxışdan keçirəcək
08.01.2009 - 14:34
“Bakı” Moldova yığmasının hücumçusunu baxışdan keçirəcək
Moldova milli komandasının 32 yaşlı hücumçusu Sergey Roqaçyov “Bakı” klubunun transfer siyahısında yer alıb. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. O, təklif edilən təcrübəli hücumçunu sınaqdan keçirmək fikrində olduqlarını söyləyib.

Zeynalov vurğulayıb ki, moldovalının baxışdan keçirilməsi nəzərdə tutulub: “Roqaçyov haqda geniş məlumatımız var. O, uzun müddət Moldova yığmasında oynayıb. Digər mövqelərə futbolçular transfer etdikdən sonra əsas diqqətimizi ön xəttə yönəltmişik. Bizə hücumçu çox lazımdır. Ancaq kiminləsə birbaşa müqavilə bağlamaq niyyətimiz yoxdur. Baxışa gəlməyə razı olan hücumçuya üstünlük verəcəyik. Çünki peşman olmaq istəmirik. Təkliflər həddən artıq çoxdur. Moldova ilə yanaşı, Nigeriya, Polşa, Çexiyadan hücumçu təklif olunub. Baş məşqçimiz Qyoko Hacievski baxışa gələcək hücumçular arasından seçim edəcək”.

Qeyd edək ki, peşəkar futbolçu karyerasına 1993-cü ildə başlayan Roqaçyov ilk 7 ili vətənində keçirib. Moldovanın ən titullu klubu sayılan “Şerif”də 3 mövsüm keçirən (58 oyun, 41 qol) Sergey 2000-ci ildən indiyədək legioner həyatı yaşayır. O, 2000-05-ci illərdə Rusiya “Saturn”unda (113 oyun, 31 qol) çıxış edib. Bu komanda ilə yollarını ayırdıqdan sonra moldovalı karyerasını Azərbaycanda davam etdirməyə yaxın idi. Belə ki, ukraynalı mütəxəssis Viktor Pasulko “Xəzər-Lənkəran”ın sükanı arxasına keçəndən sonra Moldova yığmasında rəhbərliyi altında oynadığı Roqaçyovu transfer etmək istəyirdi. Ancaq sonda bu keçid baş tutmadı və moldovalı futbolçu Qazaxıstana yollandı.

“Aktobe”nin heyətində (57 oyun, 32 qol) iki mövsüm oynayan, eləcə də ölkə çempionu olan Sergey ötən ili yenidən Rusiyada keçirib. O, birinci divizionda “Ural” klubunun şərəfini qoruyub. Bu yaxınlarda isə Roqaçyov Yekaterinburq təmsilçisindən ayrılıb. Təcrübəli hücumçu 1996-cı ildən formasını geyindiyi Moldova milli komandasında 52 oyunda 9 qola imza atıb.
0