Xodukin: Mahmud Qurbanovun yeni klub tapmasına sevinirəm
08.01.2009 - 16:17
Xodukin: Mahmud Qurbanovun yeni klub tapmasına sevinirəm
“Antalyada yağış baxımından problemimiz yoxdur. Qaldığımız oteli su basmayıb. Əksinə, günəş çıxıb, havanın hərarəti 12 dərəcədir”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Türkiyədə hazırlıq prosesinə Hollandiyanın “Omnivorld” klubu üzərində minimal hesablı qələbə ilə başlayan son Azərbaycan çempionu ardından İordaniya yığmasına uduzub - 0:2. Xodukinin sözlərinə görə, məğlubiyyət düşərgədə ruh düşkünlüyü yaratmayıb: “Niyə də belə olmalıdır? Bu, bir yoxlama oyunu idi. Özü də ölkənin milli komandasına uduzmuşuq. Kifayət qədər güclü rəqiblə qarşılaşdıq. Nəzərə almaq lazımdır ki, 4 gündür hazırlığa başlamışıq və bu qısa müddətdə iki yoxlama oyunu keçirmək çətindir. Məğlubiyyətə baxmayaraq, komandamın oyunundan razı qaldım”.

Arxa xətdə ciddi problemləri yaranan 70 yaşlı ukraynalı mütəxəssis vəziyyətdən çıxış yolu axtarır. Müdafiəçilərin sıradan çıxması Xodukini Bakıdan futbolçu gətirməyə sövq edib: “Vladimir Levin cərrahiyyə əməliyyatından sonra məşq etmir. Samir Abbasov yeni butsları geyəndən sonra dabanında problem yarandığı üçün oynamır. Milan Zaqorats isə özünü pis hiss edir. Belə olan halda, Nalçik “Spartak”ı ilə bugünkü yoxlama matçında Danillo Assioli ilə birgə müdafiənin mərkəzində məcburiyyətdən dayaq yarımmüdafiəçisi Qoran Arnautu oynadacağam. Müdafiəçilərimizin sıradan çıxmasına görə yeni transferlərdən olan gənc Orxan Məmmədovu Bakıdan çağırmışam. Sabiq futbolçumuz Mahmud Qurbanovun “Bakı”ya keçdiyindən xəbərdaram. Komandamızdan gedən futbolçuların özlərinə yeni klub tapdığına sevinirəm”.

Qeyd edək ki, “İnter” rəhbərliyi il yarım çıxış etdiyi, heyətində çempion olduğu Mahmud Qurbanovla qış fasiləsində başa çatan müqaviləni uzatmayıb.
0