“Neftçi”də alman və rumın hücumçu!
08.01.2009 - 16:52
“Neftçi”də alman və rumın hücumçu!
“Neftçi” klubu baxışa iki legioner çağırıb. Apasport.az saytının məlumatına görə, hücumçu axtarışında olan dördqat Azərbaycan çempionu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına alman Peter Noyman və rumın Marius Eneni cəlb edib.

28 yaşlı Ene Rumıniya çempionatının birinci divizionundan gəlib. “Proqressul” klubunun şərəfini qoruyan Marius komandasının yüksək liqaya vəsiqə qazanmasına çalışır. Turnir cədvəlində 33 xalla 2-ci yerdə gedən “Proqressul”un bu vəzifənin öhdəsindən gələcəyi real görünür.

19 yaşlı Noyman isə vətənində gənclərdən ibarət komandalarda forma geyinib. Yeri gəlmişkən, “Neftçi”nin almaniyalı baş məşqçisi Hans-Yurgen Gede həmyerlisini yaxşı tanıyır. Noyman ilə Enenin keçidi baş tutarsa, onlar “Neftçi”nin tarixinə düşəcəklər. Belə ki, indiyədək flaqmanda bu iki ölkənin heç birindən futbolçu çıxış etməyib.

“Neftçi” baxışda olan hücumçuları “Feyenord” klubu ilə yoxlama oyununda sınayacaq. Hollandiya çempionu ilə görüş yanvarın 10-da keçiriləcək.
0