Qyoko Hacievski: Pul hər şeyi həll etmir
08.01.2009 - 18:01
Qyoko Hacievski: Pul hər şeyi həll etmir
"İkinci dövrəyə hazırlığa bu gün başladıq. Bakıda olacağımız bir həftə ərzində futbolçuların fiziki hazırlığına diqqət yetirəcəyik. Antalyada əlavə problemlər yaşamamaq üçün tədricən məşqləri ağırlaşdıracağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın klubunun baş məşqçisi Qyoko Hacievski bildirib.

Vətənindən yeni qayıdan makedoniyalı ilk məşqi Xalidu Sissoko, Fabio Luis Ramim, Fernando Peres, Əhməd Ticani və Georgi Demetradzesiz keçirib. Hacievski Türkiyədə keçiriləcək təlim-məşq zamanı əsasən taktiki məşqlərə üstünlük veriləcəyini bildirib: “Keçirəcəyimiz yoldaşlıq oyunlarında heyətimizə bir daha nəzər yetirmək şansımız olacaq. Heyətdə dəyişikliklərin çox olmaması yaxşı haldır. Bu heyəti dəyişməməklə, birinci dövrədən daha yaxşı çıxış edəcəyik. İndi heyət tam formalaşıb. Artıq uyğunlaşma problemlərimiz yoxdur. Mövsümün əvvəlində əziyyət çəkdiyimiz bu problemlə qarşılaşmayacağıq. Bununla da təsadüfi xal itkilərinin qarşısını alacağıq. Mahmud Qurbanov kimi təcrübəli bir futbolçunu da heyətimizə qatmışıq. Biz ikinci dövrədə ilk yerlərdən biri üçün mübarizə aparacağıq”.

Təcrübəli mütəxəssis klub rəhbərliyinin onlar üçün əlindən gələni etdiyini xüsusi vurğulayıb: "Bakı" üçün yaradılan şərait Azərbaycanın heç bir klubunda yoxdur. Pul hər şeyi həll etmir. Bizim kollektivdəki müsbət əhval-ruhiyyə hər şeydən qiymətlidir. Klub rəhbərliyi ilə görüşüm zamanı tezliklə yeni məşq meydançasının hazır olacağını dedilər. Gələn il öz stadionumuza köçəcəyik. Bütün bunlar rərbərliyimizin fəaliyyətini göstərir”.
0