“Neftçi” üçqat Almaniya çempionuna qarşı
12.01.2009 - 17:13
“Neftçi” üçqat Almaniya çempionuna qarşı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Bakının “Neftçi” klubunun növbəti yoxlama matçındakı rəqibi məlum olub. Apasport.az saytının alman mətbuatına istinadən məlumatına görə, iki gün əvvəl Hollandiya təmsilçisi “Feyenoord”a 1:5 hesabı ilə uduzan flaqmanın növbəti rəqibi “Karl Seys” klubu olacaq. “Neftçi” bu rəqiblə yanvarın 14-də saat 16:00-da qarşılaşacaq. Bu, bakılıların baş məşqçi Hans-Yurgen Gedenin həmyerlilərinə qarşı ilk sınağıdır.

Hazırda Almaniya çempionatının üçüncü dəstəsində çıxış edən “Karl Seys” zəngin tarixə malikdir. Almaniyanın birləşməsinədək ADR-i təmsil edən Yena təmsilçisi 3 dəfə ölkə çempionu olub, 9 dəfə ikinci yerlə kifayətlənib. Ölkə kubokunun dördqat qalibi olan komanda qitə kuboklarında da uğur qazanıb. Bir dəfə yarımfinal, bir dəfə finala çıxan “Karl Seys”ı kubokdan Tiflis “Dinamo”su məhrum edib. 1981-ci ildə Kuboklar Kubokunu qazanan gürcülər “Neftçi”nin rəqibini finalda məğlub edib.

Qeyd edək ki, komandanı hazırda Rene van Ek çalışdırır.
0