Qomeş: Azərbaycanda sudan çox çay içirlər
12.01.2009 - 18:38
Qomeş: Azərbaycanda sudan çox çay içirlər
“Azərbaycan yığmasının formasını geyinmək həmişə böyük şərəfdir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının braziliyalı futbolçusu Leandro Qomeş deyib.

Vətənində yerli qəzetlərdən birinə müsahibə verən 33 yaşlı hücumçu həmyerlilərinə yığmadakı və çıxış etdiyi “Olimpik” klubundakı durumundan danışıb: “İndiyədək təxminən 20 oyunda Azərbaycan yığmasının heyətində meydana çıxmışam. Bu matçlar arasında həm rəsmi, həm yoldaşlıq görüşləri var. Amma hələ də hücumçu borcumu yerinə yetirib qol vurmamışam. Buna baxmayaraq, Avropanın bir çox güclü komandaları ilə oyunlarda meydana çıxmışam. Azərbaycan çempionatının səviyyəsi də yaxşıdır. Mənim oynadığım komanda liderdən 6 xal geri qalır. Cari mövsümün müəyyən hissəsində zədəli olsam belə, artıq üç qol vura bilmişəm. Mənim kimi Diano Santuş, Ernani Pereyra və Fabio Luis də bu ölkədə çıxış edir”.

Qomeş ölkəmizdə rastlaşdığı problemlərə və zaman keçdikcə onları arxada qoymasına da toxunub: “Həyat - Braziliyadan minlərlə mil uzaqda da həyatdır. Bu ölkənin adət-ənənələri bizimkindən fərqlidir. Bizimkilərə belə mühitə uyğunlaşmaq çətindir. Hətta adama elə gəlir ki, buna öyrəşmək mümkün olmayacaq. Amma beş ildən sonra baxıram ki, Azərbaycan dili və mətbəxinə tam uyğunlaşmışam. Bizi ən çox narahat edən isə onların qidalanmasıdır. İlk vaxtlarda orada lobya yeməklərini tapmağa da çətinlik çəkirdim. Azərbaycanda sudan çox çay içirlər. Hazırlıq prosesində bizə çay verirlər. Artıq mən özüm də hara getsəm, orada çay içməyə adət etmişəm”.
0