“Fənərbaxça”nın kapitanı futboldan gedir
13.01.2009 - 11:26
“Fənərbaxça”nın kapitanı futboldan gedir
“Fənərbaxça” klubunun braziliyalı yarımmüdafiəçisi Aleks de Souza futbolla vidalaşmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu bu niyyətini öz vətənində dərc olunan qəzetlərdən biri üçün yazdığı məqalədə açıqlayıb.

“Sarı-lacivərdlilər”in kapitanı “Həyata aid” başlıqlı yazıda tezliklə karyerasını bitirəcəyini qeyd edib: “15 yaşımdan peşəkar futboldayam. Evlənəndə həyat yoldaşıma futbolun ön, özümün və övladlarımın isə arxa planda olacağını demişdim. Artıq rollar dəyişib. İndi əvvəlcə ailə, sonra isə futbol gəlir”.

Aleks vurğulayıb ki, karyerasını Braziliyada başa vurmağı düşünmür: “Ancaq hamı bunu bilsin ki, həyatımı Avropada davam etdirmək istəyimin səbəbi pul deyil. Mənim başqa əsaslarım var. Bir neçə dildə danışmağı bacaran övladlarım Türkiyədə çox yaxşı təhsil alıblar. İstədikləri zaman Avropanın hər hansı yerinə tam sərbəst gedib-gələ bilərlər. Braziliyaya qayıtsaq, belə imkanımız olmayacaq. Türkiyə və ya Avropanın digər ölkəsində yaşamaq həm mənim, həm də ailəm üçün rahatdır”.
0