Berti Foqts ən yaxşı məşqçilər siyahısında necəncidir?
13.01.2009 - 13:15
Berti Foqts ən yaxşı məşqçilər siyahısında necəncidir?
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin ən yaxşı yığma məşqçilərini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, qurumun öz ekspertləri arasında keçirdiyi sorğuya əsasən, İspaniya milli komandasının baş məşqçisi Luis Araqones birinci olub. Yarım ildir “Fənərbaxça” klubunun sükanı arxasında olan 70 yaşlı mütəxəssis ötən il ispanlara Avropa çempionluğu (AÇ) qazandırıb. O, topladığı 252 xalla rəqiblərini aşkar qabaqlayıb. İlk “üçlüy”ə son AÇ-də bürünc medalçılar Rusiya və Türkiyə yığmalarının çalışdırıcıları düşüb. Belə ki, holland baş məşqçi Qus Hiddink 145 xalla 2-ci, Fatih Terim 72 xalla 3-cü olub. Yoahim Löv (Almaniya) 48 xalla 5-ci yeri tutub. Onu Argentina olimpiya yığmasını Pekin Olimpiadasının qalibi edən Serxio Batista qabaqlayıb.

İlk onluğa, həmçinin Hassan Şexata (Misir), Fabio Kapello (İngiltərə), Xerardo Martino (Paraqvay), Dunqa (Braziliya) və Marçello Lippi (İtaliya) düşüb. Milli komandamızın alman baş məşqçisi Berti Foqts 19 nəfər arasına düşməsə də, onu Nigeriya yığmasının sükanı arxasında əvəzləyən Samson Siasiya 11 xalla 15-ci olub. Foqtsun xələfi Otto Rehagel, Covanni Trapattoni kimi mütəxəssisləri qabaqlaya bilib.
0