Azərbaycana gedişimi avantüra hesab edirəm
13.01.2009 - 14:24
Azərbaycana gedişimi avantüra hesab edirəm
“Azərbaycana gedişimi avantüra hesab edirəm. Mənə söz verdilər ki, komanda üçün yeni meydan, baza tikəcəklər. Ancaq verilən vədlərin heç birinə əməl olunmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko deyib.

İşsiz qaldığı müddətdə Bakıdan gündə ona zəng edildiyini bildirən 50 yaşlı ukraynalı mütəxəssisin fikrincə, “Neftçi”ni yüksək səviyyəyə çıxartmaq planlaşdırılmışdı: “Həqiqətən də müəyyən uğurlar qazandıq. “Neftçi” avrokuboklarda iki mərhələ adlayan ilk Azərbaycan komanda oldu. Həmin vaxt sərəncamımda yaxşı ifaçılar olduğundan və komandanın potensialını nəzərə alsaq, İntertoto kubokunda belə uğurlu çıxış mənim üçün sürpriz olmadı. UEFA kubokuna yüksəlmək qarşıma vəzifə kimi qoyulsa da, klub rəhbərliyi belə nəticəyə də sevindi. Bəxt və təcrübə amili bizə mane oldu. Azərbaycan çempionatının səviyyəsi Ukraynadan geri qalsa da, orada “Neftçi”, “İnter”, “Xəzər-Lənkəran” kifayət qədər güclü komandalardır. Azərbaycana getdiyim üçün bərk təəssüfləndiyimi deyə bilmərəm. Prinsipcə, hara getdiyimi yaxşı bilirdim”.

Flaqmanın cari mövsümə uğursuz startını təlim-məşq toplanışı keçməməkləri ilə əlaqələndirən Demyanenkonun sözlərinə görə, futbolçular çempionata hazır deyildilər: “İntertotoda çıxışımızı başa vurduqdan dərhal sonra “Neftçi”dən gedəcəyimi başa düşdüm. Səbəb də şərtlərimi yerinə yetirməməklə bağlı idi. Özü də söhbət şəxsi müqaviləmdən yox, yüksək nəticə qazanmaq üçün vacib olan infrastrukturdan gedir. Klub rəhbərliyini mövqeyini başa düşmədim. Axı mən məşq meydançalarını özüm üçün yox, komanda üçün xahiş etmişdim. İntertotodan sonra iki ay “Neftçi”nin sükanı arxasında qalmağım razılıqla bağlı idi. Belə ki, mənə əvəzləyici tapılana qədər işləməli idim”.

Qeyd edək ki, Demyanenko “Neftçi”də 8 ay çalışıb.
0