Zeynal Məmmədov: Adamiya, get, “Neftçi” ilə problemini həll et!
13.01.2009 - 15:40
Zeynal Məmmədov: Adamiya, get, “Neftçi” ilə problemini həll et!
“Georgi Adamiyanın keçidinə görə “Neftçi”yə 180 min dollar ödəmək fikrimiz yoxdur. Çünki bu, böyük məbləğdir və altı aylıq müqavilə bağlanan futbolçu üçün bu qədər xərcə düşmək məqsədəuyğun deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Onun sözlərinə görə, Georgi Adamiyanın transfer məbləği ilə bağlı “Neftçi” rəsmilərilə danışıqlar aparmağı planlaşdırmırlar: “Bu, Adamiya ilə klub arasında olan problemdir. Biz “Bakı” klubu olaraq, “Neftçi”nin işinə qarışa bilmərik. Yenə məbləğ aşağı olsaydı, bunu razılaşdırmaq olardı. Ancaq Adamiyadan öyrəndik ki, “Neftçi” ona görə 180 min dollar kompensasiya tələb edir. Biz Georgi ilə şəxsi müqaviləsinin detallarını, alacağı məbləği artıq xeyli vaxtdır razılaşdırmışıq. Bunu da 180 min dolların üzərində gəlsək, məbləğ daha da böyüyür”.

Artıq Bakıda olan Adamiya “Bakı”nın düşərgəsində yer alıb. Vitse-prezident 28 yaşlı gürcü hücumçunun məşqlərə qatılması ilə işi bitmiş saymır: “Ona “Neftçi” ilə məsələsini həll etməli olduğunu deyəcəyəm. Yəni, futbolçu komandamıza keçmək istəyirsə, tələb olunan kompensasiyanı özü ödəməlidir. Bundan sonra biz də transferi rəsmiləşdirəcəyik”.

Qeyd edək ki, “Neftçi”nin alman baş məşqçisi Hans-Yurgen Gedenin kənarlaşdırdığı Adamiya 4 ilə yaxın çıxış edir, Azərbaycan çempionu olub.
0