Hafiz Məmmədov istəsə, Tümər Mətin “Bakı”ya gələcək
13.01.2009 - 15:57
Hafiz Məmmədov istəsə, Tümər Mətin “Bakı”ya gələcək
Türkiyə yığmasının yarımmüdafiəçisi Tümər Mətinin “Bakı”ya keçidi paytaxt təmsilçisinin prezidenti Hafiz Məmmədovdan asılıdır. Bu barədə apasport.az saytına klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, komandanın türkiyəli vitse-prezidenti Tunc Afşarın Azərbaycana qayıdışından sonra transferlər müzakirə olunub: “Bunların arasında Tümər də var. Prezidentin qayıtmasını gözləyirik.

Hazırda ölkə kənarında işgüzar səfərdə olan Hafiz Məmmədov yaxın günlərdə Vətənə dönəcək. “Antalyaspor”un zimbabveli hücumçusu Jozef Nqvenyanı da sınayacağıq. Vaxtilə “Bavariya” klubunun sıralarında olan bu futbolçunu baxışa dəvət etmişik. Moldova milli komandasının hücumçusu Sergey Roqaçyovu da baxışdan keçirmək fikrindəyik. Yaxşı hücumçuya ehtiyacımız var. Buna görə də tələsməyib, seçim prosesinə xüsusi diqqət yetirəcəyik”.

Qeyd edək ki, bu həftə Antalyaya yollanacaq “Bakı” səfərlə - sənədləşmə, bilet, viza ilə bağlı bütün məsələləri artıq həll edib. Türkiyəyə 46 nəfərlik heyətlə yollanacaq komanda ötən il olduğu kimi “Titanik” otelində məskunlaşacaq. Üç həftəlik təlim-məşq toplanışında 7-10 yoxlama oyunu keçirməyi planlaşdıran “Bakı” güclü rəqiblərlə qüvvəsini sınamaq fikrindədir.
0