Elşən Qəmbərov: Yeni komandamda ən yüksək məvacib alan futbolçulardan olacağam
13.01.2009 - 16:43
Elşən Qəmbərov: Yeni komandamda ən yüksək məvacib alan futbolçulardan olacağam
Azərbaycan milli komandasının sabiq futbolçusu Elşən Qəmbərov karyerasını bitirmək fikrindən daşınıb. 37 yaşlı hücumçu bu barədə apasport.az saytına bildirib ki, özünə yeni klub tapıb. Karyerasını “Bakılı”da davam etdirməyə qərar verən Elşən təcrübəsi ilə autsayderin Premyer Liqada yerini qorumasına yardımçı olacaq: “Bu yaşda özümə klub tapmaq çətin olduğu üçün karyeramı bitirmişdim. Ancaq sonradan Misir Əbilov məni “Bakılı”ya dəvət etdi. Əbilovun rəhbərlik etdiyi komandada hələ 1997-ci ildə oynamışam. Onu həmin vaxtdan yaxşı tanıyıram. “Bakılı”nın gürcü baş məşqçisi Vasili Çeişvili də məni bəyəndi və müqavilə bağlanması ilə razılıq əldə olunub. Mövsümün sonuna qədər anlaşacağam”.

“Bakılı”da qazancını sirr saxlayan Qəmbərovun sözlərinə görə, məvacibi kifayət qədər yaxşı olacaq: “Komandanın ən təcrübəli futbolçuların biri kimi ən yüksək məvacib alacağam. Əslində, karyeramı davam etdirməklə bağlı qərarı pula görə etmirəm. Daşkəndə evim, şəraitim yaxşıdır. Sadəcə, hələ oynamağa istəyim var, özümdə güc hiss edirəm. Mehman Allahverdiyevlə mütəmadi əlaqə saxlayıram. Gələn mövsüm Gəncədə yenidən klub yaranarsa, bu komandada çıxış etmək, oynayan məşqçi olmaq istərdim”.

Qeyd edək ki, “Muğan”ın sabiq qapıçısı Ruslan Quliyev, uzun müddət futboldan kənarda qalan “Bakı”nın yarımmüdafiəçisi Dmitri Yeremeyev də “Bakılı”da yer alıb.
0