Elxan Məmmədov: Çox təəssüf ki, bəzi klublar lisenziyalaşdırma prosesinə məsuliyyətsiz yanaşırlar
13.01.2009 - 18:10
Elxan Məmmədov: Çox təəssüf ki, bəzi klublar lisenziyalaşdırma prosesinə məsuliyyətsiz yanaşırlar
“AFFA rəhbərliyinin təşəbbüsü və Lisenziyalaşdırma qrupunun fəaliyyəti nəticəsində “Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün klubların lisenziyalaşdırılması üzrə vəsait” hazırlandı. Bu vəsait İcraiyyə Komitəsinin 2008-ci il iyulun 5-də keçirilən iclasında təsdiq olundu. Qeyd olunan vəsaitin hazırlanmasında əsas məqsəd 2009-2010-cu il mövsümündən etibarən Premyer Liqada çıxış etmək istəyən klubların daxili çempionat üçün nəzərdə tutulmuş lisenziya şərtlərinə əməl etməsidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi, eyni zamanda Lisenziyalaşdırma qrupunun rəhbəri Elxan Məmmədov deyib.

AFFA-nın rəsmi İnternet saytına açıqlama verən Məmmədov bütün klublarımızın yaxşı infrastruktura malik olmalara çalışdıqlarını söyləyib: “Bildiyiniz kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 1994-cü ildən FİFA və UEFA-nın üzvüdür. 2004-cü ildən başlayaraq, UEFA klubların lisenziyalaşdırma proqramını tətbiq etməyə başlayıb və bu prosesə ciddi, məsuliyyətlə yanaşan ölkələrdə klubların, eyni zamanda, ümumilikdə ölkə futbolunun inkişafında müsbət mənada dəyişikliklər olub. Eyni zamanda, UEFA-nın Lisenziyalaşdırma proqramından əlavə, Avropanın futbol sahəsində inkişaf etmiş ölkələrinin əksəriyyətində daxili lisenziya proqramı tətbiq olunur və bu, yaxşı effekt verir. Bu gün elə Avropa ölkələri var ki, onların klublarının tərkibində U-6, U-7, U-8 komandaları var və bu, futbolun inkişafında xüsusi rol oynayır. Biz də çalışırıq ki, bütün klublarımızın stadionu, yüksək səviyyədə uşaq komandaları, müasir tələblərə cavab verən infrastrukturu olsun”.

Baş katib bildirib ki, daxili çempionat üçün hazırlanmış lisenziyalaşdırma vəsaitində nəzərdə tutulmuş idman və infrastruktur meyarları üzrə sənədləri ilkin olaraq yanvarın 12-dək Lisenziyalaşdırma qrupuna təqdim etməyə icazə var imiş: “Bunun üçün son tarix isə yanvarın 15-dir. Yanvarın 12-dək müvafiq sənədləri təqdim etməyən klublar vəsaitdə göstərilmiş son tarixə qədər ötən hər gün üçün hər meyara görə 1000 manat məbləğində cərimə olunacaq”.

Lisenziyalaşdırma qrupunun rəhbəri bəzi klubların bu prosesə laqeyd yanaşdığını gizlətməyib: “Çox təəssüf ki, bəzi klublar daxili çempionat üçün lisenziyalaşdırma prosesinə məsuliyyətsiz yanaşırlar. Bu isə həmin klubların növbəti mövsümdə Premyer Liqada çıxış edə üçün bilmək üçün almalı olduqları lisenziyanın verilməsini sual altına qoyur. Doğrudur, ötən ilə nisbətən, bəzi klublarımızda lisenziyalaşdırma prosesi ilə bağlı nəzərəçarpacaq dərəcədə inkişaf hiss olunur. Çox istərdik ki, bütün klublarımız bu məsələyə ciddi yanaşsınlar. Son 3 ayda Lisenziyalaşdırma qrupunun üzvləri tərəfindən regionlarda seminar və treninqlər təşkil olunub, bütün klublara bir neçə dəfə məktub göndərilərək lisenziyalaşdırma prosesinin vacibliyi nəzərlərinə çatdırılıb. Daxili çempionat üçün Lisenziyalaşdırma vəsaitinin hazırlanması ilə biz klublarımızın, ölkə futbolunun inkişafına çalışırıq və inanırıq ki, klublarımız bu məsələdə bizimlə paralel fəaliyyət göstərəcəklər”.
0